"Qarabağ"da "Linfild"lə oyun ərəfəsində ciddi İTKİ

13:20 - 21 Avqust 2019 - İDMAN

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Şimali İrlandiyada “Linfild”in qonağı olacaq “Qarabağ” heyətlə bağlı problemlə üzləşib.

Bu barədə “Report”a klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, Ağdam təmsilçisinin Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ev oyununda müvafiq olaraq sarı və qırmızı vərəqə alan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda cəzalı duruma düşüblər.

Digər mərkəz müdafiəçisi Bədavi Hüseynovla yarımmüdafiəçi Filip Ozobiçin də zədə üzündən meydana çıxmayacaqları dəqiqdir. Üstəlik, cinah müdafiəçiləri – Maksim Medvedevlə Ailton Silva Premyer Liqanın I turunda “Keşlə” ilə matçda zədələniblər. Dayaq yarımmüdafiəçisi Simeon Slavçev isə məşqdə xəsarət alıb. Bu üç futbolçunun meydana çıxması sual altındadır.

Qeyd edək ki, avqustun 22-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər xətti