Almaniyanın "Bavariya" klubu İspaniya "Barselona"sının ulduz futbolçusu Filippe Koutinyonu icarəyə götürüb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2019/2010 mövsümünün sonuna kimi Münhen təmsilçisinin formasını geyinəcək. Müqaviləyə əsasən, Almaniya nəhəngi növbəti mövsümdə braziliyalı oyunçunu heyətinə qatmaq hüququna malik olacaq.
Qeyd edək ki, Filippe Koutinyo 2018-ci ilin yanvarında İngiltərənin "Liverpul" klubundan "Barselona"ya keçib. Kataloniya təmsilçisi onun keçidi üçün 145 milyon avro ödəyib. Yarımmüdafiəçi komandanın heyətində 76 matçda meydanda olub. "Barselona" ilə 2023-cü ilin yayına kimi müqaviləsi olan oyunçu 21 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.