Dünyanın 10 ən zəngin şəxsinin sərvəti bir gündə təxminən 18 milyard ABŞ dolları azalıb.
APA-nın “Forbes”a istinadən xəbərinə görə, avqustun 14-ü ABŞ fond birjasında ən pis günlərdən biri kimi tarixə düşüb. Ən çox zərər çəkən “Forbes”un siyahısına liderlik edən Cef Bezos olub. Belə ki onun sərvəti 3,5 milyard ABŞ dolları azalıb. “Facebook”un rəhbəri Mark Sukerberq 3,2 milyard dollar, “LVMH” şirkətinin baş direktoru Bernar Arno isə 3 milyarda yaxın itirib.
Ekspertlərin fikrincə, fond birjasında yaranan qeyri-stabil vəziyyətə ABŞ və Çin arasında münasibətlərin gərginləşməsi səbəb olub.
Məlumata görə, belə vəziyyət sadəcə “Forbes”un 10 ən zəngin insanı siyahısına daxil olan Nyu-York şəhərinin sabiq meri Maykl Blumberqə təsir etməyib.