Nadir Xasıyev: “Çox xoşbəxtəm ki, böyük sənətkarlarımızla çiyin-çiyinə çalışmışam”
Bu il prezidentin sərəncamları ilə həm prezident mükafatçısı olub, həm də “Əməkdar artist” fəxri adına layiq görülüb. Vaxtilə teatrda Siyavuş Aslan, Hacıbaba Bağırov kimi böyük sənətkarla birlikdə çalışıb. Deyir ki, fəaliyyətinin əsas hissəsi Hacıbaba Bağırov teatra direktor gəldikdən sonra başlayıb:
“O illər yaddaşımda çox gözəl qalıb. Elə sənətkarlarla səhnədə olmaq aktyordan təkcə istedad tələb etmir, eyni zamanda intellektual səviyyə, hazırcavablıq, improvizasiya etmək qabiliyyəti tələb edir. Çünki onlar böyük sənətkarlardır, rolu ifa etdikdə hər an improvizasiya edə bilər və sən ona hazır olmalısan. Hacıbaba Bağırov teatrın direktoru olsa da, səhnədə olduğu vaxt yalnız aktyor idi. Bu onun əsas xüsusiyyəti idi. Onunla çoxlu xatirələrim var”.
“Üç nöqtə” qəzetinin qonağı Akademik Musiqili Teatrının aktyoru, prezident mükafatçısı, Əməkdar artist Nadir Xasıyevdir.
- Söhbətə elə bu sahəyə gəlişinizlə başlayaq. Həvəsiniz uşaqlıqdan olub?
- Ağsu sayonunda dünyaya gəlmişəm. Uşaqlıq illərindən səsim, aktyorluq qabiliyyətim olub. Rayonda keçirilən müsabiqələrdə mahnılar oxuyardım. Həmçinin məktəb illərində teatr sənətinə də mənim böyük həvəsim var idi. Kəndin klubunun səhnəsində uşaqlarla birlikdə özümüz üçün tamaşalar hazırlayardıq. Rasim Balayev, Səmədər Rzayev və digər tanınmış aktyorların bizim həvəsli olmağımızda böyük rolu olub.
1979-cu ildə İncəsənət İnstitutunun (indiki Mədəniyyət və incəsənət Universiteti) “Musiqili komediya aktyorluğu” şöbəsinə qəbul olmuşam. Tələbəlik illərindən əmək fəaliyyətinə başlamışam. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında kiçik rollar oynayırdım. 1984-cü ildə universiteti bitirib təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilmişəm. Musiqili Komediya aktyorluğu şöbəsini bitirməyimə baxmayaraq burda dramatik aktyor oldum.
İşlədiyim illərdə bir çox baş rolların ifaçısı olmuşam. O cümlədən “Ölülər” tamaşasında İsgəndər, “Arşın mal alan”da Əsgər, Nazim Hikmətin “Bayramın birinci günü” əsərində Camal, “Subaylarınızdan görəsiniz” tamaşasında Fəqan, Süleyman Sani Axundovun “Tamahkar” əsərində İmran obrazını və s. çox saylı rolları ifa etmişəm.
- Bəs Akademik Musiqili Teatrına gəlməyiniz necə oldu?
- Səsim olduğu üçün 1993-cü ildə böyük bəstəkarımız Süleyman Ələsgərovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına gəldim. Teatra gələn gündən baş rolların ifaçısı olmuşam. Burda fəaliyyətimi davam etdirərək 1994-cü ildə əyani olaraq Bakı Musiqi Akademiyasının “Vokal solo oxuma” şöbəsinə daxil oldum. Akademiyanı bitiməyimə baxmayaraq fəaliyyətimi həmin teatrda davam etdirdim.
Çox xoşbəxtəm ki, böyük sənətkarlarımızla çiyin-çiyinə çalışmışam. Siyavuş Aslan bizim teatrın bədii rəhbəri idi. “Qızılgül”, “Özümüz bilərik”, “Beş manatlıq gəlin” və s. bir çox tamaşalarda onunla tərəf müqabili olmuşam. Daha sonra Hacıbaba Bağırov bizim teatra direktor gəldi. Mənim fəaliyyətimin əsas hissəsi Hacıbaba Bağırovla başladı. Onunla işlədiyim illərdə, demək olar ki, onun oynadığı bütün tamaşalarda tərəf müqabili olmuşam.
- O illəri necə xatırlayırsınız?
- O illər yaddaşımda çox gözəl qalıb. Elə sənətkarlarla səhnədə olmaq aktyordan təkcə istedad tələb etmir, eyni zamanda intellektual səviyyə, hazırcavablıq, improvizasiya etmək qabiliyyəti tələb edir. Çünki onlar böyük sənətkarlardır, rolu ifa etdikdə hər an improvizasiya edə bilər və sən ona hazır olmalısan. Hacıbaba Bağırov teatrın direktoru olsa da, səhnədə olduğu vaxt yalnız aktyor idi. Bu onun əsas xüsusiyyəti idi.
Onunla çoxlu xatirələrim var. Çox qayğıkeş adam idi. İlk baxışdan sərt görünən o insanın qəlbi çox yumşaq idi. Ondan hər hansı bir şeyi xahiş edəndə, anındaca adama kömək edirdi. Sonrakı illərdə də davamlı olaraq fəaliyyətimi davam etdirmişəm. 2013-cü ildə fəxri mədəniyyət işçisi olmuşam.
- Müsahibələrin birində demişdiniz ki, fəxri ad almaq mənim haqqımdır. Bu il həmin haqqı qazandınız. Təbrik edirik sizi...
- Çox sağ olun. Nəhayət 38 illik teatr sahəsində fasiləsiz fəaliyyətimdən sonra bu il prezident mənim haqqımda iki sərəncam imzaladı. Həm prezident mükafatçısı oldum, həm də “Əməkdar artist” fəxri adına layiq görüldüm. Ölkə başçısına təşəkkürümü bildirirəm. Çox sevinirəm ki, zəhmətim qiymətləndirildi. Çox adam deyir ki, gec oldu. Amma mən düşünürəm ki, hər şeyin öz vaxtı var.
- Bu il teatrınızın 110 illik yubileyi olacaq. Bu yubileyə nələr hazırlamısınız?
- Hazırda bizim teatrda geniş yaradıcılıq prosesi gedir. Mart ayında teatrımıza prezidentimiz tərəfindən Akademik statusu verildi. Bu da bizə həm maaşıların artması, həm də yaradıcılıq baxımından çox böyük etimad oldu. Artıq teatrda böyük səs imkanları olan aktyorlar üçün böyük imkanlar yaranır. Çünki artıq Akademik teatrdır. Bizdə bir neçə tamaşa üzərində iş gedir. Səid Rüstəmovun “Beş manatlıq gəlin” tamaşasında baş rol ifaçısıyam. Dünya şöhrətli yazıçı Viktor Hüqonun “Parisin Notr-dam kilsəsi” əsərində əsas rollardan olan keşiş obrazını ifa edəcəm.
- Film və seriallara dəvət alırsınızmı?
- Seriallarda çox az hallarda oluram. Hazırda “Bizim restoran” adlı serial çəkilir, orda biznesmen Roman müəllim obrazını oynayıram. Bizim əsas fəliyyətimiz teatrla bağlıdır. Ona görə işimiz daha çox burda olur.
- Ümumiyyətlə, bir peşəkar aktyor kimi müasir dövrdə çəkilən serial və filmləri bəyənirsinizmi?
- Bilirsiniz, seriallar bədii film deyil. Seriallar bütün ölkələrdə bədii filmlərdən fərqlənir. Seriallar müasir dövrün tendensiyaları, gedişatı baxımından yaranır. Yaxşı olanları var, amma hamısı yox.
- Hər iki oğlunuz bu sənətdədir. Onların bu sənətə gəlməsində sizin rolunuz olubmu, yoxsa öz istəkləri ilə seçiblər bu sənəti?
- Bəli, hər iki oğlum bu sahədədir. Hər ikisi professional teatrın aktyorlarıdır. Mən yönləndirməmişəm, burda genetik faktorun rolu böyükdür. Gözünü açandan bu sənətin içində olublar. Uşaqlıqdan mənim oxumağımı, aktyorluğumu görüblər, həm də bu onların qanında var.
Yavaş-yavaş öz istəkləri ilə bu sənətə meylləniblər. Böyük oğlum Səməd Xasıyev mənimlə bərabər çalışır. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı gənc aktyorudur. Ali dərəcəli aktyordur, teatrın bütün baş qəhrəman obrazlarının ifaçısıdır. Düzü, mən balaca oğlumu aktyor kimi görmək istəmirdim. Kamança üzrə kollec bitirmişdi, çox gözəl ifa edirdi. Lakin oda mənim sənətimə meylləndi. O da Sumqayıt Dövlət Dram Teatrının aktyorudur. O da baş rol ifaçılarındandır. Eyni zamanda Azərbaycan televiziyasının əməkdaşıdır, vokalistdir.
- Bu günün gənc aktyor və aktrisalarını bəyənirsinizmi?
- Bəli. Bu gün çox zəngin potensialı olan gənclərimiz var. Bizim dövrümüzdə böyük sənətkarların yanında bir qədər sıxıntı keçirirdik. İndiki dövrün gəncləri bizdən sərbəstdirlər. Bu çox yaxşıdır.
- Fikrinizcə, aktyor üçün rol məhdudiyyəti olmalıdırmı?
- Bilirsiniz, rolların bölünməsi adi məsələ deyil ki, kimə hansı rol gəldi versinlər. Bu, məsləhətlə, götür-qoy etdikdən sonra verilir. Rejissor, rəhbərlik aktyorun səs imkanlarına, görünüşünə, aktyorluq qabiliyyətinə baxdıqdan sonra müəyyən edilir. Hər obrazın özünə uyğun aktyoru var. Həmişə görmüşük ki, baş qəhrəman boylu-buxunlu, səs imkanları qaydasında, görünüşcə yaxşı olmalıdır. Buna münasib aktyora həmin rol verilir. Bəzən aktyor özünü hansısa rolda görməyə bilir, amma rejissor həmin aktyoru o rolda görür. Və nəticədə görürsən ki, yaxşı da obraz alınır. Ümumiyyətlə, rol bölgüsü həssas məqamdır.
- Xarici ölkələrə, rayonlara səfərləriniz necə keçir?
- 2013-cü ildə Fransanın Strasburq şəhərində Türksoyun xətti ilə YUNESKO-nun binasında “Arşın mal alan” tamaşası ilə çıxış etmişəm. Fransızlar həmin tamaşası yüksək səviyyədə qəbul ediblər. İranda “O olmasın, bu olsun” tamaşası ilə Beynəlxalq Fəcr Festivalında Rüstəm bəy obrazını ifa etmişəm. Bundan başqa Qazaxıstanda, Dağıstanda, Şimali Osetiyada və s. olmuşam.
- Aktyor üçün bu səfərlər nə dərəcədə əhəmiyyətlidir?
- Bu səfərlərin aktoyr üçün böyük əhəmiyyəti var. Çünki aktyor bu mühitdən çıxıb başqa bir mühitə gedir. Onların aktyora, tamaşaya münasibəti tamam fərqli olur. Bu da aktyor üçün maraqlıdır. Həm də aktyorun dünyagörüşünün artması baxımından vacibdir. Aktyor dünyada gedən yaradıcılıq prosesindən xəbərdar olur. Getdiyi ölkənin aktyorlarının oyun tərzinə baxır. Bu baxımdan qastrollar əhəmiyyətlidir.
Könül Oruc