"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubuna 0:2 hesabıyla uduzaraq mübarizəni dayandırdıqları görüşdən sonra mətbuat konfransı keçirib.
"Qafqazinfo" xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə matçı şərh edib.
"Əfsuslar olsun ki, uduzduq. Hərçənd, qalib gəlməyi çox istəyirdik. Ancaq futbolda bəzən düşünmədiyin nəticələr olur. Qapımız qarşısında qol epizodları çox olmadı. Ancaq bizdə yüdəyüz imkanları çox oldu. Futbolçularımıza təşəkkür edirəm. Oyunda həyəcan vardı. Çox istəyirdim ki, turnidə çıxışımızı davam etdirək. Ancaq bu, alınmadı. Belə hallarda düzgün düşünməyi bacarmalıyıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Onları üzgün yola saldığımız üçün məyusuq".
- Bugünkü oyununuz da sizi qane etdi?
- Bəlkə futbola fərqli baxırıq. Rəqibi itirəcəyi heç nə yox idi. Belə pressinq edən komandaya qarşı səhvlərimiz oldu. Oyunumuz heç də pis alınmadı. Rəqib qol epizodlarını heç nədən yaratdı. Oyunumuzdan razı qaldım.
- Oyunda ağır təsir bağışlayan Simeon Slavçevi Dani Kntanayla daha tez əvəvləmək olmazdı?
- Slavçevin yaxşı qol epizodları oldu. O, heç də pis deyildi, aktiv idi. Dəyişiklik normal vaxtda idi. Tam deyə bilmərəm ki, əvəzləməni tez etmək lazım idi, ya yox. Əlbəttə, məğlubiyyət olanda suallar çox olur. Çalışdıq ki, oyunun gedişatına uyğun qərarlar verək.
- Ehtiyat skamyanızın zəif olması sizi narahat etmir?
- Bizdə iki futbolçu zədəlidi. Əvvəl də demişdim ki, iki futbolçu transfer etmək fikrimiz var. Zədəlilərimiz sağlam olsaydı, qüvvəmiz daha böyük olardı.
- Avroliqanın pley-off matçınadək çempionatda ilk tur var. Bunu təxirə salmaq üçün PFL-üə müraciət etmək fikriniz var?
- İndi vaxtımzı azdı. Verdiyimiz qərar düzgün olmalıdı. Təxirə salmağı yox, matçın vaxtını dəyişdirmək haqda müraciət edə bilərik.
- APOEL yeni baş məçqisindən başqa nəylə sizi təəccübləndirdi?
- Bu komanda təcrübəsiylə təəccübləndirdi. Onlar qrupda neçə illərdir çıxış edir. Əslində, təcrübəsinə görə təəccübləndirmədi, sadəcə, narahatçılıq vardı. APOEL "Real"a 2 qol vurmuş komandadır. Belə güclü rəqiblə matçda yetərincə qol epizodları yaratdıq. Futbol sürprizlə doludu. Bu gün uduzmuşuq, rəqibi təbrik etməliyik.
- 0:2-dən sonra, xüsusilə Riçard Almeydan qırmızı vərəqə alanda futbolçularınız dünyanın sonu kimi davrandılar. Bu ruh düşkünlüyünü bir həftəyə aradan qalıdrmaq çətin olmayacaq?
- Almeydanın epizodu texniki səhv idi. Desəm ki, bilə-bilə səhv etdi, düzgün olmaz. Əlbətttə, 0:2 hesabıyla uduzan komandanın futbolçularında narahatçılıq olur. Məşqçi heyəti, rəhbərlik olaraq futbolçuların tam olaraq yanında olmalıyıq. Çünki həm çempionat, həm də pley-off matçlarımız vacibdi. Pley-offda iştirak edən komanda zəif ola bilməz.
- İtkiləriniz də var. Bir həftə sonra nə gözləyək?
- Həmişə ümidli olmalıyıq. Rəqibdən asılı olmayaraq. Bir şeyi deyə bilərəm ki, məsliyyətlə hazırlaşmağa çalışmalı, işimizə ciddi yanaşmalıyıq. Məğlubiyyət ola bilər, ancaq qalibiyyət də gələcək. Bu istəklə yaşamalıyıq. Pis oyunlarımız da olub, yaxşı oyunlarımız də. Sevincli günlərimiz daha çox olub. Futbolçularıma inanıram, güvənirəm. Düşünürəm ki, qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəklər.