Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadır tipli kəsim məntəqələrinə infotur keçirib. 30-dan çox media nümayəndəsinin iştirak etdiyi infoturun keçirilməsində məqsəd bayrama hazırlıqların gedişatı, həmin günlərdə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində görülən işlər ilə bağlı jurnalistləri məlumatlandırmaqdır.
Ucnoqta.Az Trend-ə istinadən xəbər verir ki, infotur çərçivəsində jurnalistlərə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsi və Xətai rayonu ərazisində qurulan çadır tipli kəsim məntəqəsi ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Bildirilib ki, Bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək. Agentliyin mütəxəssislərin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı, onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək.
Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir. Heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam qida ilə təmin olunması və qida təhlükəsizliyi sahəsində maarifləndirilməsində media institutları ilə sıx əməkdaşlıq edir və jurnalistlərin bu sahədə biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlayır.