“Səbail”in UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Rumıniyanın “Universitatya” klubu heyətinə yeni futbolçu cəlb edib.
“Ucnoqta.az” klubun rəsmi saytına istinadən xəbər verir ki, Krayova təmsilçisi Aleksandru İonitsanı heyətinə qatıb. 24 yaşlı rumıniyalı cinah hücumçusu ilə müqavilənin detalları barədə məlumat verilmir. Daha öncə onun müqavilə ilə məxsus olduğu “ÇFR Kluj”dan icarəyə götürüləcəyi deyilirdi.
İonitsa daha öncə vətənində “Rapid”in, eləcə də 2017/2018 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “Zirə”ni mübarizədən kənarlaşdıran “Astra”nın formasını geyinib. O, Curcu təmsilçisinin evdə Azərbaycan komandasını 3:1 hesabı ilə məğlub etdiyi görüşün 31-cü dəqiqəsində hesabı açıb və 90 dəqiqə meydanda olub. Bakıda qolsuz heç-heçə ilə nəticələnən cavab qarşılaşmasında isə 69-cu dəqiqədə əvəzlənib.
“Universitatya” yay fasiləsində İonitsaya qədər Mirko Piqliaçelli, Matteo Fedele, Florin Qardoş, Kamer Qaka, Antoni İvanov, Andrey Marinesku və Boqdan Vatajelunu heyətinə qatıb.
Qeyd edək ki, iyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Universitatya Krayova” oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.