"Mübarizə apardığım çəkidə 8 nəfərin hamısı Avropa və dünya çempionatında medal qazanmış idmançılar idi. Sadəcə, bura qızıl medal qazanaraq himnimizi səsləndirmək niyyətilə gəlmişdim".
Bunu Minsk-2019 II Avropa Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) APA-ya açıqlamasında deyib.
27 yaşlı idmançı çempionluğu heç də asan əldə etmədiyini deyib: "Çox istəkli idim, gecə-gündüz qızıl medal üçün çalışırdım. Qrupum da çox çətin idi. Çox güclü idmançılarla eyni qrupa düşmüşdüm. Lakin ümidimi itirməyərək, məqsədimə doğru inamlı addımlarla getdim. Sevinirəm ki, artıq boynumda qızıl medal var, himnimizi səsləndirmişik. Bu qızıl medal ölkəmizi bir addım da olsa, irəli aparır".
O, xorvatiyalı Ancelo Kvesiçlə final qarşılaşmasında taktikanı düzgün qurduğunu bildirib: "Finalda taktikanı qursam da, rəqibim də yaxşı hazırlaşmışdı. Lakin bir-iki səhvimdən yararlana bilmədi. Çox güclü idmançıdır, hətta bir dəfə ona uduzmuşam. Sadəcə, düşündüyüm taktika var idi, o da səhvi buraxdı və mən bundan yararlandım. Nəticədə hesabda 1:0 önə keçdim və üstünlüyümü sonadək qoruyub saxlaya bildim".