Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında qadın güləşçilər sonuncu yarış gününə start verib. Səhər sessiyasında dörd çəki dərəcəsi (50 kq, 57 kq, 62 kq, 76 kq) təsəlliverici qarşılaşmalar keçirilir.
Azərbaycan yığmasının üzvü Alyona Kolesnik də xalça üzərinə çıxıb. 57 kq çəki dərəcəsində çıxış edən güləşçimiz bürünc medal uğrunda qarşılaşmaya vəsiqə üçün mübarizə aparıb.
A.Kolesnik İtaliya təmsilçisi Françeska İndelikato ilə üz-üzə gəlib. 24 yaşlı güləşçimiz ilk dəqiqələrdən təşəbbüsə yiyələnərək hesabına xallar yazıb. Ardınca üstünlüyünü artıran A.Kolesnik 12:1 hesablı qələbə ilə mükafat qazanmaq şansını qoruyub.
İdmançımız bürünc medal uğrunda qarşılaşmaya bu gün Bakı vaxtı ilə saat 19:50-də çıxacaq. O, türkiyəli Bediha Gün ilə üz-üzə gələcək.
Qeyd edək ki, mübarizəyə dünən başlayan digər üç qadın güləşçimiz axşam sessiyasında xalçaya çıxacaq. Mariya Stadnik (50 kq) və Elmira Qəmbərova (62 kq) qızıl, Səbirə Əliyeva (76 kq) gümüş medal uğrunda görüşdə qüvvəsini sınayacaq. (APA)