Yurçeviç: Azərbaycan millisinin bütün futbolçularının qiyməti Lobotka qədər yoxdur
"Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar. Bu nəticədən sonra nəsə demək çətindir. Matça yaxşı başladıq. Topa da sahib ola bilirdik. Hər qol barədə danışmaq istəmirəm. Şeydayevin qolundan sonra geridönüş edə bilərdik. Hesab 1:4 olanda artıq oyun bitdi. Rəqibin heyətində Lobotkanın qiyməti 25 milyon avrodur. Bizdə isə hamısının qiyməti bu qədər etmir".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, bu, böyük məğlubiyyətdir. Meydanda futbolçular mübarizə apardı. 4-cü qola qədər şanslar var idi. 60-cı dəqiqədən sonra isə fiziki və psixoloji cəhətdən bu rəqibə qarşı oynamaq çətin oldu".
Xorvatiyalı məşqçi 5 qolu buraxmağın böyük şok olduğunu söyləyib: "Bu məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm".
Yurçeviç deyib ki, Slovakiya millisinin bütün futbolçuları Avropanın aparıcı klublarında çıxış edir: "Məğlubiyyət utanc vericidir. Bu komandalara qarşı yaxşı nəticə istəyiriksə, xüsusi günlərdən biri olmalıdır. Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi Qurban Qurbanov belə, Maltaya qarşı çətinlik çəkib. Qrupdakı komandalar bizdən qat-qat güclüdür. Əlimizdən gələni etməliyik ki, onlara qarşı yaxşı mübarizə apara bilək".
Baş məşqçi böyük hesablı məğlubiyyətdən sonra pis hisslər keçirdiyini deyib: "Hər kəsi başa düşürəm. Futbol situasiyalı oyundur. Sağa və sola doğru verilmiş bir qərar nəticəni dəyişə bilər. Bəzi kiçik nüanslar nəticəyə təsir edir".
Yurçeviç növbəti matçda daha yaxşı nəticə qazanacaqlarına və böyük hesabla məğlub olmayacaqlarına inandığını deyib: "Hazırda diqqət mərkəzində bu matçdır. Komanda daha yaxşı oynaya bilər. İndi böyük təhlil etməyə dəyməz. Növbəti qarşılaşmaların yaxşı olacağına inanıram".