“Azərenerji” və KİVDF müsabiqə elan edir

10:18 - 10 İyun 2019 - MEDİA

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

Fonddan verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin, enerji sisteminin dayanıqlılığının və etibarlılığının təmin edilməsi, habelə "Azərenerji" ASC-nin Reabilitasiya Proqramı çərçivəsində “itirilmiş” güclərin bərpası, yeni generasiya mənbələrinin yaradılması istiqamətində görülən və görüləcək işlərin, qarşıya qoyulmuş hədəflərin ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin mövzusu: - “Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər”

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Dərc olunmuş yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər.

4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda saytlarda yerləşdirilməlidir.

5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzet və ya saytlar.

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər və ya saytlar (1 il müddətində).

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər və ya saytlar (6 ay müddətində)

5. Dərc olunmuş yazıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”qeydi göstərilməlidir.

Yazıların qəbul qaydaları

1.Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə

2.Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) 1 nüsxə

3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə

4.Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)

Tələb olunan sənədlər

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sistemindən çıxarılmış əmək müqaviləsi bildirişi.

2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzasıilə)

3. Şəxsiyyət vəsiqəsinin surəti,

4. Şəxsi VÖEN və surəti,

5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması təsdiqlənməlidir).

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 10 may 2019-cu il tarixində başlayır, 5 iyul 2019-cu il tarixində başa çatır.

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə

I yer üçün 1 nəfər (1000 manat);

II yer üçün 2 nəfər (800 manat);

III yer üçün 3 nəfər (500 manat)

yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.

Bundan əlavə, 10 yazı müəllifinə (hər biri 300 manat) həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub.

Qaliblər, həmçinin “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Xəbər xətti