Nikola Yurçeviç: Macarıstan çox güclü rəqibdir

21:50 - 7 İyun 2019 - İDMAN

Hər şeydən razıyam. Çox şadam ki, zədəli futbolçumuz yoxdur. Dünən Riçard Almeydanın kiçik problemi var idi. Ancaq hazırda yaxşıdır. İsrafilovun da zədəli olması bizim problemlərimizdən biridir. Macarıstan çox güclü rəqibdir, Xorvatiyanı məğlub edib. Rəqibi təhlil etmişik. Sabahkı görüşlə bağlı optimistəm. 

Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis sabahkı görüşdə qapıda Səlahət Ağayevə şans verəcəyini deyib.

Yurçeviç U-21-in Lixtenşteynə uduzması barədə də danışıb:
“Bu, bizim oyunumuza təsir etməyəcək. Həmin matça baxdım. Ağır məğlubiyyət oldu. Komanda yaxşı çıxış etdi. Əslində, yaxşı komandadır. Ümid edirəm ki, qarşıdakı matçlarda yaxşı nəticə qazanacaqlar”. 

Macarıstan millisinin futbolçusu Qerqe Lovrençiç isə bildirib ki, Bakıya qələbə üçün gəlib.

“Bakıya qələbə üçün gəlmişik. 3 xalı qazanmaq niyyətindəyik. Bunun üçün ciddi hazırlaşmışıq. Hazırlıq üçün kifayət qədər vaxtımız olub. Bu da bizim üçün müsbət məqamdır.Komandamızın yüksək motivasiyası var. Biz arzumuza çatmaq istəyirik. Yaxşı seriya yaxalamışıq, bunu davam etdirmək istəyirəm. Meydana qələbə üçün çıxacağıq.”.

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı iyunun 8-də “Bakcell Arena”da keçiriləcək./oxu.az

Xəbər xətti