Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) "Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forum keçirib.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə ,Beynəlxalq Forumda Dövlət rəsmiləri, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri və xarici ölkə səfirliklərinin nümyəndələri və səfirlər, media QHT rəhbərləri, ziyalılar, tələbələr iştirak edib.
Forumu giriş sözü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, BMAM sədri Rufiz Qonaqov açaraq tədbir iştirakçılarını salamlayıb. O, Azərbaycanın ərazi bütövlüyünün pozulması və bir milyondan artıq məcbur köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyini ciddi qərarlar qəbul etməyə, ikili standartlara son qoymağa, ədalətli mövqe sərgiləməyə cağırıb.
Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz Regionuna ciddi təhlükə olduğunu bildirib. BMAM sədri Rufiz Qonaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi: “Münaqişənin digər həlli yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın” fikirlərini bir daha forum iştirkçılarının diqqətinə çatdırıb. Şura üzvü qeyd edib ki, bütün səylərə baxmayaraq Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik sistemi üçün də ciddi təhdiddir və bu siyasət regionda acı nəticələrə gətirib çıxarır.
Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid yaransada, təkrarlanan qeyri-konstruktiv mövqe indiki rejimin də mahiyyətinin özündən əvvəlkinə bənzədiyi göz önündədir.
Foruma moderatorluq edən BMAM-nin eksperti Rəfail Becanov hər il keçirilən bu tədbirin əhəmiyyətindən danışıb.
Milli Məclisin Komitə sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi yeni mərhələdə” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi separatizm siyasəti bu danışıqların effektivliyinə mane olur.
Ermənistanda hakimiyyət dəyişikliyi də bu prosesə hələ ki, öz töhfəsini verməyib. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirmişik. Biz bunu bütün səviyyələrdə, bəyan etmişik və Ermənistanı bir daha danışıqlar yolu ilə problemi həll etməyə çağırırıq.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev “Erməni terrorunun doğurduğu real təhdidlər və tarixi həqiqətlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, bu proses illərdir davam edir. Ermənistanın təhdid və təzyiqləri region üçün olduqca təhlükəli nəticələrə gətirib cıxarmışdır.
Ermənistandakı hakimiyyət dəyişikliyi prosesi müsbət istiqamətdə aparmır, əksinə daha təhlükəli nəticələrə yol açır. Ermənistan tərəfi anlamalıdır ki, bu münaqişə nəticəsində özlərini pis duruma salıblar və Ermənistanda faktiki olaraq, iqtisadi və siyasi böhrandır. Siyasi böhran, iqtisadi böhran, demoqrafik böhran Ermənistanı süquta aparır.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev məruzəsində Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan təhdid siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayıb Beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına, bəzi beynəlxalq təşkilatların tətbiq etdiyi ikili standartlara etirazını bildirib.
Millət vəkili qeyd edib ki, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır. Həmçinin dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur
Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Leyla Abdullayeva “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki danışıqlar prosesindəki vəziyyəti ” mövzusunda məruzə ilə çıxış edib. XİN idarə rəisi həmçinin münaqişənin həlli istiqamətində ölkə başçıları və xarici işlər nazirləri arasında son dövrlərdə keçirilən görüşlərin nəticələrini də şərh edib, Ermənistanın qeyri-konstruktiv mövqeyini Forum iştirakçılarının diqqətinə çatdırıb.
O bildirib ki, 30 ilə yaxındır ki, ərazilərimiz iğşal olunub. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurum və təşkilatlar tərəfindən, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altında, 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır.
Yekun məruzə ilə cıxış edən millət vəkili, professor Elman Nəsirov bu kimi beynəlxalq forumların keçirilməsinin ölkəmizin və regiounun təhlükəsizliyi istiqamətində əhəmiyyətindən danışdı. O, Ermənistanın separatizm siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəltdi və bildirdi ki, Ermənistanın işğalçılıq siyasəti BMT-nin 4 qətnaməsində də öz əksini tapmışdır. Ermənistan beynəlxalq hüquqa əməl etməklə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir. Ermənistanın faktiki işğal siyasəti bütün dünya tərəfindən pislənməli, ikili standartlara son qoyulmalıdır.
Məruzə ətrafında Millət vəkilləri Pərvin Kərimzadə, Tahir Mirkişili, Tahir Kərimli, Milli Məclisin şöbə müdir müavini Ülviyyə Abdullayeva və Milli Məclisin İnsan Hüquqları eksperti Əhliman Tağıyev, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov, politoq, “Teleqraf media qrupunun rəhbəri Aynur Camalqızı,fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov, Forum iştirakçılarından Akif Nağı, Emin Həsənli, Rauf Zeyni, Rizvan Talıbov, Umud Mirzəyev, Telman Zeynalov, Sərraf Orucov, Rəhilə Teymurova çıxış edərək bildiriblər ki, Ermənistanın Cənubi Qafqaz xalqları üçün davam etdirdiyi aqressiv, antihumanist siyasətinin qarşısının alınmasında beynəlxalq təşkilatlar, diaspor qurumları, vətəndaş cəmiyyətləri fəal olmalı, Ermənistanın təhdid siyasətinin qarşısının alinmasında yaxından iştirak etməlidirlər. Bunun üçün kifayətdir ki, Cənubi Qafqazın bütün media vasitələri-sosial şəbəkələr, bütünlükdə isə hər bir vətandaş separat təhdidlərlə mübarizədə özünü dördüncü hakimiyyət- KİV nümayəndəsi hesab etsin. Millət vəkilləri və politoloqlar cıxışlarında Ermənistanın danışıqlarda sərgilədiyi qeyri-konstruktiv mövqeyinin özlərinin əleyhinə işlədiyini, siyasi və iqtisadi tənəzzülə gətirib cıxardığını konkret faktlarla konfrans iştirakçlarının diqqətinə çatdırıblar.
Sonra məruzələr ətrafında çıxışlar davam etdirilib.
Tədbirin sonunda Beynəlxalq Forumun iştirakçıları adından Ermənistanın regional təhdid siyasətinə dair Bəyanat qəbul edildi.