Bakıda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək Avropa Liqasının final oyunu barədə Joze Mourinyo şərhçi kimi fikirlərini bölüşüb.
"Report" "İndependent.ie" saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis avrokubokların finalında İngiltərə təmsilçilərinin iştirak etməsindən məmnunluq ifadə edib. "Növbəti mövsümün əvvəlində UEFA Super Kubokunda da İngiltərə komandaları olacaq. Bu möhtəşəm bir xəbərdir" deyən Mourinyo istənilən sayda fanatın Bakıya gedə bilməməsindən məyusluğunu bildirib.
Mourinyo sabiq komandası "Çelsi"nin ulduz futbolçusu Eden Azar haqqında da danışıb: "Azar "Çelsi" üçün önəmli futbolçudur. Böyük ehtimalla, final görüşü onun komandada son oyunudur. Azar meydanda fantastik oyunçu olmağa çalışacaq. O, kubok qazanaraq "Real Madrid"ə gedə bilər".
Portuqaliyalı mütəxəssis digər finalçı "Arsenal" haqqında da danışıb: "Finalda "Arsenal"ın üzərində daha çox təzyiq olacaq. Onlar növbəti mövsüm Çempionlar Liqasında çıxış etmək üçün mübarizə aparacaqlar".
Qeyd edək ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.