"Hazırda yalnız növbəti həftə haqqında düşünürəm. Finaldan sonra klubdakı gələcəyimi müzakirə edəcəyəm”.
“Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Mauritsio SarriBakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ərəfəsində Londonda təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, klubla 2 illik müqaviləsi var və İngiltərədə işini davam etdirməyə şad olar. Onun sözlərinə görə, final üçün Bakıya getmək “Çelsi” azarkeşləri üçün çətindir: “Adətən, “Arsenal”la matçlarda hər iki komanda açıq futbol sərgiləyir. Belə vəziyyətdə zədəli Ruben Loftus-Çik faydalı ola bilərdi. “Arsenal”ın yaxşı hücumçuları var. Ancaq hesab edirəm ki, qələbəyə layiqik və titul qazanmaq istəyirik. Yanvarda problemlərimiz vardı. Lakin onların öhdəsindən gəlməyimizdən razıyam. Qələbəni bütün futbolçular, texniki işçilər, klub üçün istəyirəm".
Çox yaxşı mövsüm keçirdiklərini deyən Sarri ümumilikdə 2-3 oyunda pis çıxış etdiklərini vurğulayıb: "Premyer Liqanı 3-cü sırada bitirdik və Liqa Kubokunda finala qədər gəldik. İndi bizim Avropa Liqasının finalında oynamaq imkanımız var. Qalib gəlsək, bizim üçün çox gözəl mövsüm olacaq. “Çelsi” Premyer Liqa vasitəsi ilə Çempionlar Liqasına vəsiqə qazanıb. Amma “Arsenal” ora düşmək üçün Avropa Liqasını qazanmalıdır. Belə vəziyyətdən bizim rəqibdən daha az motivasiyamız ola bilər. Amma rəqib də üzərindən bizdən çox təzyiq hiss edəcək. Yəni, bu məqamın hər iki tərəf üçün müsbət və mənfi tərəfləri var”.
Baş məşqçi zədəli dayaq yarımmüdafiəçisi N Qolo Kantenin durumuna da toxunub. O, Fransa yığmasının futbolçusunun finalda iştirakına ümid bəslədiyini və optimist olduğunu söyləyib. Sarri Loftus-Çikin 5 aydan sonra məşqlərə başlayacağını vurğulayıb: "Ruben bizim üçün çox cavib futbolçudur. Yəqin ki, Avropanın ən yaxşı yarımmüdafiəçilərindən biri olacaq. O, 5 aydan sonra məşqlərə başlaya bilər".
Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.