"Əvvəlki toplanışla ikinci arasında fərq böyükdür. Öncəkində 5-6 gün bir yerdə olduqsa, indi vaxtımız çoxdur".
Bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 11-də isə Slovakiya yığmaları ilə oyunlara hazırlıq haqqında danışarkən deyib.
Xorvatiyalı mütəxəssis "Bakcell Arena"da təşkil edilən mətbuat konfransında bildirib ki, futbolçuların fərqli vaxtlarda düşərgəyə qoşulması işi qəlizləşdirir: "Eləsi var mayın 19-dan bizimlədir. Toplanışa 16 nəfərlə başladıq. Bir neçə gün bu cür davam edəcəyik. Mayın 24-dən etibarən Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov və Renat Dadaşov bizə qoşulacaq. İyunun 3-də isə ölkə xaricində çıxış edənlər - Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov gələcəklər".
Baş məşqçi Macarıstan və Slovakiya ilə matça yaxşı kökləndiklərini bildirib: "Oyunun ciddiliyini yaxşı dərk edirik. Hamımız yüksək əhval-ruhiyyədəyik. Optimistəm, stadion da dolacaq və yaxşı nəticə əldə edəcəyik. Hazırlığın sonunda 27 nəfər olacağıq. Lakin matç zamanı yəqin 2-3 nəfər heyətdə yer almayacaq".
Yurçeviç əsas yığmanın iyunun 1-də Azərbaycanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcəyini söyləyib: "U-21 ilə yoldaşlıq oyunu keçirmək təkcə bizim problem deyil. Çünki FIFA-nın pəncərəsi 6-12 iyunu əhatə edir. Bəzən elə olur ki, istədiyini edə bilmirsən. Məsələn, Xorvatiya millisi 4-cü liqa komandasına qarşı oynayacaq"./report