Biləsuvar rayon ümumtəhsil məktəbliləri arasında “Nəsimi İli”nə həsr olunmuş intellektual oyunu üzrə məktəb çempionatı keçirilib.
Biləsuvar rayon ümumtəhsil məktəbliləri arasında “Nəsimi ili”nə həsr olunmuş intellektual oyunu üzrə məktəb çempionatı 15 may 2019-cu il tarixdə Biləsuvar şəhər 4 saylı tam orta məktəbdə keçirlib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov qeyd edib ki, 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Məhz Nəsimi irsinin milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 2019-cu ili cənab Prezident İlham Əliyev “Nəsimi ili” elan edib. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Odur ki, İmadəddin Nəsiminin həyat və yaradıcılığının müasir gənclərə daha dərindən təbliğ edilməsi pedaqoji kollektivlərin qarşısında duran ən mühüm vəzifələrindən biridir.
Çıxışlardan sonra çempionata start verilib. 28 ümumtəhsil məktəb komandaları arasında İmadəddin Nəsiminin həyatı və yaradıcılığına aid suallara daha dolğun cavab verən Biləsuvar şəhər 1 saylı tam orta məktəbin komandası I yerə, Ağayrı kənd tam orta məktəbin komandası II yerə və İsmətli kənd tam orta məktəbin komandası isə III yerə layiq görülərək Biləsuvar Rayon Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırıldılar.