“Sport Market Intelligence” dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb.
Ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən cədvəldə Azərbaycan da yer alıb.
Belə ki, müxtəlif növlər üzrə möhtəşəm turnirlərin, həmçinin cüdo və velosipedin BMX növü üzrə dünya çempionatlarının keçirildiyi Azərbaycan siyahıya daxil olan 90 ölkə arasında 33-cü yerdədir. Ölkəmizin əmsalı 5,511 xalla dəyərləndirilib. Müqayisə üçün bildirək ki, Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında 4-cü pillədədir.
Bizi yalnız ümumi siyahıda 5-ci olan Rusiya (32,378), 29-cu pillədə qərar tutan Belarus (6,527) və 30-cu yerdə gedən Qazaxıstan (6,036) qabaqlayır. Azərbaycan Türkiyə, Argentina, Xorvatiya, Serbiya, Ukrayna, Portuqaliya, Rumıniya kimi idman ölkələrini arxada qoyur.
İlk “üçlük”də isə dəyişiklik olub. Ötən il 3-cü olan Çin (40,709) bu dəfə liderliyi ələ alıb. Onları ABŞ (40,619) ilə yanaşı, Yaponiya (39,631) izləyir. Siyahıda 12 pillə geriləyən Türkiyə (3,913) 40-cı yerə enib.
Şəhərlərin siyahısına isə yenə Tokio başçılıq edir. Yaponiyanın paytaxtı 19,867 xala malikdir. İlk “üçlük”də Paris (16,048) və Budapeşt (14,961) yer alıb. Azərbaycan paytaxtı Bakı 5,429 xalla dünyanın 16-cı şəhəridir. Paytaxtımız son cədvəllə müqayisədə 1 pillə geriləsə də, Berlin, Sankt-Peterburq, Barselona, Rotterdam, Sofiya, Praqa, Amsterdam, Astana, Sidney, Las-Veqas, Madrid və bir sıra aparıcı şəhərlərdən öndədir.
Bakı MDB məkanında Moskva, Minsk, Kazan və Soçidən sonra 5-dir. İstanbul isə ümumi siyahıda 318-cidir./ONA