AFFA-nın baş katibindən Yurgen Kloppa CAVAB

16:28 - 12 May 2019 - İDMAN

AFFA-nın baş katibi Elxan Məmmədov "Liverpul"un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı kəskin bəyanatına münasibət bildirib.

E.Məmmədov deyib: "Yurgen Kloppun sözləri məni xoşagəlməz bir şəkildə təəccübləndirdi. O, həmişə çox pozitiv insan təəssüratı bağışlayıb. Üstəlik, hamımız bilirik ki, o, futbolda həqiqətən də uğurlu nəticələr əldə edən böyük mütəxəssisdir.

Amma bütün bunlarla yanaşı, onun futbolun coğrafi cəhətdən məhdudlaşdırılması ilə bağlı fikirləri ilə razı deyiləm.

Biz futbolun dəyərlərinə hörmət etməli və onu inkişaf etdirməliyik. Əsas dəyərlərimizdən biri də futbolun sərhədlərinin genişlənməsi, onun qloballaşmasıdır.

Avropa çoxdan bu qitənin qərb hissəsi ölkələrinin sərhədlərindən kənara çıxıb və əminəm ki, Avropa çempionatı oyunlarının və Avropa kuboku finalının Şərqi Avropa ölkələrində keçirilməsi bu ölkələrdə futbolun inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, gənc nəsil arasında onun daha da populyarlaşmasına və gənclərin futbola cəlb edilməsinə xidmət edir".

AFFA-nın baş katibi xatırladıb ki, bəzi ölkələrdə skeptik əhval-ruhiyyənin olmasına baxmayaraq, Rusiyada mükəmməl təşkil olunmuş Dünya çempionatının şahidi olduq:

"Eyni sözləri Kiyevdə və yaxud 10 il əvvəl İstanbulda Çempionlar Liqasının final oyunlarının təşkili barədə də deyə bilərik.

Bəli, ola bilsin bu il Madriddə qiymətlər Çempionlar Liqasının finalına görə yüksəlib, ancaq bu bazar iqtisadiyyatının yan təsiridir və böyük idman tədbirləri ərəfəsində hər yerdə olur.

Razıyam ki, Londondan Bakıya avtobusla gəlmək çox çətin olacaq. Lakin əsl azarkeşlər üçün məsafə nə vaxtdan maneə olub? Xatırlatmaq istəyirəm ki, final oyununun təşkili ilə bağlı keçirilmiş tenderdə üç şəhər iştirak edib – Sevilya, İstanbul və Bakı.

Heç kəs digər ölkələrin iştirak etməsi imkanlarını məhdudlaşdırmadı. Əminəm ki, Bakıda əsl futbol bayramı olacaq. Eyni zamanda əminəm ki, Madriddə də buna şahid olacağıq.

Biz çox yaxşı hazırlaşmışıq. Bakıdakı otellərdə yerlər var, restoran və mağazalarda pivə kifayət qədərdir, aviaşirkətlərdə isə əlavə çarter reyslərinin açılması planlaşdırılır. Bir sözlə, hər kəsin diqqətini öz işinə cəmləşdirməsinin əsl vaxtıdır.

Yurgen Klopp isə qlobal futbol dəyərlərini fəal şəkildə yüksəltməyi, ölkələri və paytaxtları Avropa kuboklarının finalını keçirmək üçün layiq və layiq olmayanlara bölməməyi məsləhət görərdim. O, məşhur bir insandır və dünyada milyonlarla azarkeş onun fikirlərini dinləyir".

Xatırladaq ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Kuboklarının final oyunlarının keçiriləcəyi Madrid və Bakı şəhərlərinə biletlərin qiymətinin və yaşayış xərclərinin yüksək olması ilə bağlı azarkeşlərin narazılığına münasibət bildirib.

Trend

Xəbər xətti