"Qubadlı" idman klubunun idmançıları beynəlxalq turnirdə iştirak etdilər – Foto

17:19 - 7 May 2019 - İDMAN

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş budo döyüş növləri üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilib. 

Turnir Gənclər və İdman Nazirliyi, Dünya Budo Döyüş Növləri Federasiyası və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının (ABDNF) birgə təşəbbüsü ilə təşkil edilib. Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə Dünya Budo Döyüş Növləri Federasiyasının vitse-prezidenti Faiq Rəfiyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından və bunun nəticəsində idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayan natiq respublikamızda idmanın digər növləri kimi, budonun da sürətlə inkişaf etdiyini söyləyib. F.Rəfiyev ölkəmizdə idmanın inkişafında ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğını xatırladıb. Ölkəmizdə idmanın inkişafı, eləcə də budonun təbliği və kütləviləşməsi baxımından belə yarışların əhəmiyyətini vurğulayan vitse-prezident idmançılara uğurlar arzulayıb.

ABDNF-in prezidenti Mahir Əhmədov Azərbaycanda idmanın inkişafının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, məhz dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində respublikamızda idman sürətlə inkişaf edir. Federasiya rəhbəri gənclərimizin idmanın bu növünə marağının artırılmasında Azərbaycan Budo Döyüş Növləri Federasiyasının fəaliyyətini yüksək qiymətləndirib.

Turnirdə Azərbaycan, Pakistan, İraq, Əfqanıstan, İran, Gürcüstan, Özbəkistan, Zimbabve, Türkiyə, Kipr, Rusiya, Banqladeş və Hindistandan olan 600-ə yaxın idmançı çıxış edib. "Qubadlı" idman klubunun prezidenti Akşin Hüseynov mətbuata verdiyi məlumata əsasən, Beynəlxalq turnir yüksək səviyyədə təşkil olunub. "İdmançılarımız layiqli çıxışlar edərək yüksək nailiyyətlər əldə ediblər. Belə yarışlar Azərbaycan gənci üçün dünyaya açılan yeni bir pəncərədir",-deyə o bildirib.


Xəbər xətti