Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birlikdə keçirdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsi başa çatıb.
Ucnoqta.az xəbər verir ki, 3 may tarixində ADPU-nun akt zalında müsabiqənin mükafatlandırma mərasimi və bağlanış qala konserti baş tutub.
Azərbaycanda ilk dəfə keçirilən “Gələcəyin müəllimi” müsabiqəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi müəllimliyi ixtisası üzrə təhsil alan bakalavr və magistr tələbələri iştirak edib. İştirakçıların yaradıcılıq fəaliyyətinin inkişafına, müəllimlik fəaliyyətində yüksək peşəkarlığa malik, rəqabətədavamlı mütəxəssislərin, gələcəkdə cəmiyyətə layiqincə xidmət edən kadrların hazırlanmasını məqsəd kimi qarşıya qoyan müsabiqə gərgin mübarizə şəraitində keçib.
Açılışı 19 aprel tarixində Beynəlxalq Muğam Mərkəzində olan müsabiqənin püşatma məraismi aprel ayının 20-də, I turu 22-25 aprel, II turu 29-30 aprel tarixlərində ADMİU-nun əsas tədris korpusunda yerləşən Vernisaj zalında keçirilib. Müsabiqənin seçim mərhələsi yüksək səviyyədə keçirilib, 81 namizəd arasından ən layiqliləri seçilərək növbəti mərhələyə buraxılıb.
ADMİU-nun İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın layihəsi əsasında keçirilən müsabiqənin təşkilat komitəsi və münsiflər heyəti ADMİU və ADPU-da çalışan peşəkar mütəxəssislərdən ibarət olub. Münsiflər “solo” (alətlər üzrə), “duet və ya ansambl” (instrumental, vokal) və “müəllim-tələbə dueti” olmaqla üç nominasiya üzrə qalibləri müəyyən ediblər.
Mükafatlandırma və bağlanış mərasimi ADMİU və ADPU tələbələrinin birləşmiş xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb.
Münsiflər heyətinin üzvləri müsabiqə iştirakçılarına sertifikatlarlar təqdim edib. Sonra müsabiqənin qalibləri elan olunub. Müsabiqənin birinci mükafatını sahiblərinə təqdim etmək üçün ADMİU-nun rektoru professor Ceyran Mahmudova və ADPU-nun rektoru professor Cəfər Cəfərov səhnəyə dəvət olunub.
Qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər. Sonra müsabiqə laureatlarının iştirakı ilə qala konsert təqdim olunub. Konsertdə Q.Qarayevin “İnsan məskən salır”, “Prelüd № 7”, “Gənclik mahnısı”, Montinin “Çardaş”, E.Sabitoğlunun “Uzaq yaşıl ada”, Q.Sviridov “Vals”, E.Kurtisanın “Non Ti Seordar Di Me”, P.Bülbüloğlunun “Döyüşçülərin rəqsi”, S.Raxmaninovun “Prelüd № 5”, U.Hyustonun “Mən həmişə səni sevəcəyəm”, A.Piazollanın “Libertango” əsərləri, həmçinin “Heyratı” zərb muğamı səslənib.