Region sakinlərinə pulsuz hüquqi yardım göstərilir

18:40 - 8 Aprel 2019 - Xəbər

“Azərbaycan qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar vətəndaşların hüquqlarının müdafiəsi üçün kifayət qədər müdafiə mexanizmləri nəzərdə tutur. Amma hüquqları ilə bağlı məlumatlı olmayan vətəndaşlar bəzən qanunun onlara verdiyi bu imkanlardan istifadə etməkdə, hüquqlarının reallaşmasında problemlərlə qarşılaşırlar. Bunun bir səbəbi əhalinin, xüsusən region sakinlərinin hüquqi biliklərinin aşağı olması ilə bağlıdırsa, digər səbəbi maddi imkazsızlıq və regionlarda keyfiyyətli hüquqi yardım almaq imkanlarının paytaxta nisbətən aşağı olmasıdır. Bu problemin həllinə dövlət tərəfindən görülən işlərə ictimai dəstək üçün əhalinin hüquqi maarifləndirilməsinə və ehtiyacı olanlara ödənişsiz hüquqi yardımın göstərilməsinə başlamışıq”.

Bunu hüquq müdafiəçisi Xalid Kazımov bildirib. X.Kazımovun sözlərinə görə, icrasına başladıqları xidmət çərçivəsində regionlarda əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına hüquqi yardımın göstərilməsi cari ilin sonunadək davam etdiriləcək: “Xidmətlər Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi (Gürcüstan) təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində göstərilir.

Müraciət edənlərə hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar  verilir, məhkəmələrə iddia ərizələrinin hazırlanması ilə bağlı hüquqi yardım göstərilir. Həmçinin,  ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi, dövlət qurumlarına sorğu və müraciətlərin göndərilməsində vətəndaşlara köməklik göstərilir.

Vətəndaşlar müraciətləri əsasında digər növ hüquqi yardım da ala bilərlər. Əhalinin göstərilən xidmətlərə əlçatanlığını təmin etmək üçün artıq “qaynar xətt” xidməti (0702902299) yaradılıb. Sosial şəbəkədə (“Facebook”, “İnstagram” və “WhatsApp”da) hesab yaradılıb və edilən müraciətlər onlayn cavablandırılır. Eyni zamanda Bakı şəhəri və Bərdə rayonunda təşkil edilən ofislərdə ehtiyacı olanlara pulsuz hüquqi yardım göstərilir.

Bundan başqa  hüquqşunaslar Ağdam, Tərtər, Goranboy və Yevlax rayon sakinlərinə, bu rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlərə hüquqi yardım göstərmək üçün həmin ərazilərə səyyar səfərlər edəcək. Həmçinin, qanunvericiliyin ölkə vətəndaşlarına verdiyi sosial, təhsil və səhiyyə hüquqlarının əks olunduğu “Hüquq hamı üçün” adlı buklet hazırlanaraq çap edilib Bakı şəhərində, Bərdə, Ağdam, Tərtər, Goranboy və Yevlax rayonlarında əhaliyə çatdırılacaq. Bütün bunlar əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətinin yaxşılaşdırılması, müxtəlif sahələrdə vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edilməsi, əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarının hüquqi yardıma çatımlılığının artırılmasına imkan verəcək”.

Xəbər xətti