Azərbaycan Qran-prisi ilə bağlı maraqlı statistika və faktlar AÇIQLANIB

15:48 - 30 Aprel 2019 - İDMAN

“Formula One” şirkəti SOCAR Azərbaycan Qran-prisi ilə bağlı maraqlı statistika və faktları açıqlayıb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, “Mercedes”in pilotu Valteri Bottasın qalib gəldiyi yarışla bağlı diqqət çəkən məqamlar bunlardır:

- “Mercedes” komandası pilotları mövsümün başlanğıcında ardıcıl olaraq 4 yarışda ilk iki yeri tutmaqla, 1992-ci ildə bu göstərici üzrə 3 yarışlıq uğura sahib “Williams”a məxsus rekordu qırıb.

- “Formula 1” üzrə keçirilmiş son 16 yarışın hamısında ilk pilləyə “Mercedes” komandasının pilotlarından biri çıxıb. Bu, bir komandanın hər iki pilotunun birlikdə fasiləsiz yiyələndiyi ən uzun müddətli qalibiyyətlər silsiləsidir.

- “Ferrari” komandasının pilotu Sebastyan Fettel indiyədək Bakıda baş tutmuş bütün “Formula 1” yarışlarını ilk “4-lük”də bitirib. O, bu yarışların heç birində ilk “2-lik”də yer ala bilməyib.

- “Racing Point” komandasının pilotu Serxio Peres bugünədək Bakıda keçirilmiş 4 yarışdan 3-də ilk “6-lığ”a düşüb.

- “McLaren” komandasının pilotu Karlos Sayns son üç Azərbaycan Qran-prisində yarışı ilk “8-lik”də başa vurub.

- Ötənilki Azərbaycan Qran-prisindən sonra keçirilmiş yarışlar ərzində “McLaren” komandasının hər iki pilotu ilk dəfə bu yarışda sona qədər mübarizə apararaq xala yiyələnə bilib.

- Builki Azərbaycan Qran-prisi “Racing Point” komandasının pilotu Lens Strollun cari mövsümdə sıralanma turunun 1-ci mərhələsindən keçə bilmədən yarışı ilk “10-luq”da bitirərək, xala yiyələndiyi 2-ci yarışdır.

- “Williams” komandası pilotlarından hər ikisi də cari mövsümdəki yarışlarda axıracan mübarizə aparmaqla rekord göstəriciyə imza atıblar. Komandanın pilotları bu yarışlarda ardıcıl olaraq sonuncu 2 yerə yiyələnib. Bu da rekord göstəricidir.

- “Alfa Romeo” komandasının pilotu Kimi Raykkonen indiyədək Bakıda baş tutmuş bütün “Formula 1” yarışlarında ən güclü üç komandanın təmsilçiləri xaricində xala yiyələnən yeganə pilotdur.

- “Haas” komandasının pilotu Romen Qrojan indiyədək Bakıda keçirilmiş bütün “Formula 1” yarışlarını uğurla başa vursa da, xala yiyələnə bilməyib. “Toro Rosso” komandasının pilotu Daniil Kvyat bugünədək Bakıda baş tutmuş 4 Qran-pri yarışından heç birini axıracan tamamlaya bilməyib.

Xəbər xətti