Maşın yuyulması üstündə qətl törədən şəxsin şikayəti təmin edilməyib

14:01 - 30 Aprel 2019 - HADİSƏ

Bakı Apelyasiya Məhkəməsində qəsdən adamöldürmədə təqsirləndirilən Amin Kazımov, xuliqanlıqda ittiham olunan Ozal Həsənov və İnsan Həsənovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Ucnoqta.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, həmin şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən il martın 4-də Bakının Nizami rayonu, Qara Qarayev prospektində baş verib. A.Kazımov kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib.

İstintaq dövründə məlum olub ki, hadisə zamanı O.Həsənov və İ.Həsənov da orada olub. Həmin şəxslərin barəsində xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Kazımov 18 il, digər iki şəxsin hər biri 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apelyasiya şikayətləri veriblər.

Xəbər xətti