Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.
Şuradan Ucnoqta.az-a verilən məlumata görə, toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda ilk olaraq Şuranın 2019-cu ilin yanvar-mart ayları ərzində gördüyü işlərlə bağlı məlumat dinlənilib. Bildirilib ki, Azərbaycan Mətbuat Şurasına hesabat müddətində 214 müraciət daxil olub. Onlardan 138-i media orqanlarından şikayətdir.
Şikayətlərin 124-ü Şuranın Katibliyində baxılib. 98 şikayət katiblikdə həllini tapıb, digər 26 şikayət isə baxılmaq üçün Şikayətlər üzrə Komissiyaya təqdim olunub. Həmin şikayətlərin əsasında qərarlar çıxarılıb. 1 qəzetin adının yenidən Şuranın “qara siyahı”sına əlavə olunması barədə rəyə gəlinib və bununla bağlı materiallar “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilib. Hesabat müddətində 10 media vasitəsinə xəbərdarlıq edilib («Press.info, «Emtv.az», «Open.az, «İstixeber.info» və s.), 15-nə isə müvafiq tövsiyyələr verilib. 14 şikayət hazırda araşdirma mərhələsindədir. Hesabat qənaətbəxş qiymətləndirilib.
İclasda KİV-lərin Bakıda yayımının vəziyyəti ilə bağlı Mətbuat Şurasının keçirdiyi monitorinqin nəticələri müzakirə edilib. Monitorinqin konkret məqsədi Bakı şəhərində, həmçinin, şəhərətrafı kəndlərdə və qəsəbələrdə qəzet satışının vəziyyətini, bu sahənin problemlərini və onların nədən qaynaqlandığını öyrənmək, qəzet satışı üçün nəzərdə tutulmuş köşklərin fəaliyyətini araşdırmaq, ölkədə qəzet satışının yaxşılaşdırması məqsədilə təkliflər paketi hazırlamaq olub.
Monitorinq zamanı müəyyənləşdirilib ki, Bakı şəhərində və ətraf kənd-qəsəbələrdə 250 köşk (176-ı Bakının özündə olmaqla) fəaliyyətdədir. Onlarda qəzet satışı istənilən səviyyədə təşkil olunmur. Köşklər məhsulla təmin edilsələr də, bir çox satıcılar qəzetləri vitrinə düzmür, oxucu tələbatını qarşılamır, qəzetləri bağlama şəklində kənar yerdə saxlayırlar.
Satıcıların işlərinə səhlənkar yanaşmalarının da səbəbləri var. Köşklərə qoyulan icarə haqqı həddən artıq çoxdur. Nəticədə icarədarlar icarə haqqını çıxarmaq və qazanc götürmək üçün qəzet satışından daha çox digər məhsulların, o cümlədən siqaret, alkoqollu, energetik içkilər və s. satırlar. Vəziyyətə görə məsuliyyəti isə Bakı Şəhər İcra Hakimiyyəti daşıyır. İH “Köşkpress”lərin qəzet satışı üçün nəzərdə tutulduğu barədə icarədarları müntəzəm məlumatlandırmalı və qaydalara əməl etməyənlər üçün cəza metodları hazırlamalıdır.
Köşk başına verilən qəzetlərin sayı məsələsi də önəmlidir. “Əks-səda” firması redaksiyalarla bağladığı müqaviləyə əsasən hər köşkə satılıb-satılmamasından asılı olmayaraq 1 nüsxə qəzeti pulsuz çatdırır. Əlavə nüsxələrin satılmayacağı təqdirdə isə daşınma xərci nəzərdə tutulur. Elə redaksiyalar var ki, qəzetlərinin satışının zəif olduğu halda hər köşkdə bir neçə nüsxə qəzetin olmasını tələb edir. Firma bunu özünə yük sayır. Belə hallar da olur ki, qəzet satışının zəifliyi əsas götürülərək bəzi köşklərə müəyyən qəzetlər ümumiyyətlə çatdırılmır.
“Əks-səda”dan başqa firmaların fəaliyyətində də çatışmazlıqlar var. Ən böyük problem Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Poçt Daşıma Mərkəzinin rayonlara qəzet daşınması ilə bağlıdır. PDM müəyyən haqq qarşılığında qəzetlərin və firmaların abunələrini Azərbaycanın rayonlarına çatdırılmasını üzərinə öhdəlik kimi götürsə də, məlum olmayan səbəblərdən qəzetlər ünvanına vaxtında çatdırılmır, bəzənsə ümumiyyətlə çatdırılmır. Bu, abunəçilərdə, redaksiyalarda narazılıq doğurur. Onlar ziyana düşürlər. Belə hallar da olur ki, satıcılar qəzetləri oxuculara satmır, müəyyən məbləğ qarşılığında oxumalarına və geri qaytarmalarına şərait yaradır.
Monitorinq qrupu mövcud durumdan çıxmaq üçün müəyyən təkliflər də irəli sürür. Həmin təkliflər sırasında qəzet yayımı işinin tam müstəqil olması üçün tədbirlərin həyata keçirilməsini, bu xüsusda Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının prosesdə hər hansı şəkildə iştirakının aradan qaldırılmasını, müstəqil yayım firmalarına şəraitin yaradılmasını, Bakı bulvarında, parklarda, şəhərin mərkəzi küçələrində, bazarlarda və s. yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür.
Təkliflərə eyni zamanda Bakı Metropoliteninin stansiyalarında qəzet satışının bərpası üçün tədbirlərin görülməsi, Bakı Metropoliteninin stansiyalarının çıxışlarında qəzet köşklərinin sayının artırılması da daxildir. İclasda bu kimi məsələlər ətrafında müzakirə aparılıb və irəli sürülmüş təkliflərin ölkə rəhbərliyinə çatdırılmasına dair müvafiq tapşırıqlar verilib.
MŞ İdarə Heyətinin iclasında Şuraya yeni üvlərin qəbulu da həyata keçirilib. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.
İclasda Şikayətlər üzrə Komissiyanın qəbul etdiyi rəylər əsasında qərarlar da qəbul edilib. Bu baxımdan “Təzadlar” qəzetinin adının Şuranın “qara siyahı”sına qaytarılması, “Aztoday.az” saytının adının isə həmin siyahıya daxil edilməsi qərara alınıb. Komissiyanın digər rəyləri üzrə ümumilikdə 18 media orqanının “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müxtəlif prinsiplərini pozmasına dair eyni sayda qərar qəbul edilib.