İddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər

18:14 - 17 Aprel 2019 - KİVDF

İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır

 Ərizə səlahiyyəti  olmayan şəxs  tərəfindən verildikdə  və  bu vəziyyətdə  icraata qəbul  edildikdə məhkəmə prosesinin  sonrakı  mərhələlərində  iddiaçının  özünün  bilavasitə iştirak etməsi və iddia ərizəsini müdafiə etməsi Mülki Prosessual Məcəllənin 259.0.3-cü  maddəsində göstərilən  əsasla  ərizənin  baxılmamış  saxlanılmasını istisna etmir.  Bu maddəyə görə, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki, başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan  hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Bu qayda cinayət  işlərində mülki iddianın olması, başqa iş üzrə iddia ərizəsinə eyni tələbin daxil edilməsi hallarına da aiddir.  Mübahisənin həlli ilə əlaqədar qanunvericilikdə alternativ aiddiyət (mübahisənin həllinin bir neçə orqana aid olması) müəyyən edilən hallarda eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə işin nəinki məhkəmənin, habelə başqa səlahiyyətli orqanların icraatında olması da ərizənin  baxılmamış  saxlanılması üçün əsasdır.

Azərbaycan Respublikası MPM-nin 29-cu maddəsinə müvafiq olaraq məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin həllinə verilə bilər.

Mülki Prosessual Məcəllənin 29-cu maddəsində  müəyyən olunmuş bütün hallarda deyil, MPM-nin 259.0.5 maddəsinə (qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa) müvafiq olaraq tərəflər arasında mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanıldıqda və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olduqda ərizə baxılmamış saxlanılır. Bu zaman işdə iştirak edən digər şəxslər (üçüncü şəxslər) tərəfindən verilən etirazlar nəzərə alınmamalıdır.  Bu maddəyə əsasən, qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa məhkəmə ərizəni baxılmamış saxlayır

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə (işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə) əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokoluna imza edilməklə rəsmiləşdirilir.

Qanunla  müəyyən  edilmiş qaydada işə  baxılmasının vaxtı və yeri barədə  xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına  gəlmədikdə  və buna görə  ərizə baxılmamış  saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı  deyildir. Həmin şəxs ümumi qaydada  ərizə ilə  məhkəməyə müraciət  etməlidir. Qanuna, digər normativ hüquqi akta və yaxud müqaviləyə əsasən  bank və kredit müəssisəsi vasitəsi ilə alınmalı olduğu halda iddiaçı  cavabdehdən  borcun  alınması  barədə banka , yaxud  digər kredit  müəssisəsinə müraciət  etmişsə, iddiaçı iddia  ərizəsinə bank və yaxud kredit müəssisəsinə müracıət etməsi, həmin müəssisələr vasitəsilə borcun alınmasının qeyri-mümkün olması barədə sübutlar əlavə etməlidir. İddiaçının göstərilən qaydaya əməl etmədən məhkəməyə müraciət etməsi iddia ərizəsinin qəbulundan imtina olunması, ərizə qəbul edildikdə isə MPM-nin 259.0.8-ci  maddəsinə əsasən baxılmamış saxlanılması üçün əsasdır. 

Bu maqddə qeyd olunub ki, qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası  MPM-nin 306.4-cü maddəsinə müvafiq  olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid  hüquq  haqqında  mübahisənin  olduğu müəyyən  edilərsə, məhkəmə  ərizənin  baxılmamış saxlanılması barədə qərardad  çıxarır və maraqlı şəxslərə onların  ümumi  qaydada əsaslarla iddia  vermək  hüququnu  izah edir. Lakin  bu  qəbildən olan işlərə  iddia icraatı qaydasında  baxılması ərizənin baxılmamış  saxlanılması üçün əsas deyildir. 

Qeyd edək ki, 306-cı maddə ilə xüsusi icraat işlərinə baxılması qaydası tənzimlənir. Bildirilir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə, daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə ərizə verə bilər. 

Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsini geri götürə bilər. Bu maddədə işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması tənzimlənir. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər (170.1). Maddənin dıgər bəndlərində qeyd edilib ki, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır (170.2). Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

Mülki Prosessual Məcəllənin 170 və 259.0.11-ci maddələrinin (iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə) əlaqəli izahına görə bu əsasla ərizənin baxılmamış saxlanılması ərizə icraata qəbul ediləndən sonra işə mahiyyəti üzrə baxılana kimi mümkündür. İddiaçı tərəfindən  ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğun olsa da cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməyə haqlıdır. İddia ərizəsinin qaytarılması barədə ərizə verilsə də cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etdikdə ərizə baxılmamış saxlanıla bilməz və mahiyyəti üzrə baxılmalıdır.

Xəbər xətti