UEFA-nın Çempionlar Liqasında aparmaq istədiyi islahatların detalları açıqlanıb.
Fransanın məşhur “Ekip” nəşri Avropa klublar Assosiasiyasının təşəbbüsü ilə gerçəkləşəcək yenilikləri dərc edib. 2024-cü ildən tətbiq olunması gözlənilən yeni formatda da 32 klub mübarizə aparacaq. Lakin qitənin ən nüfuzlu klub turnirinin iştirakçıları hərəsində 4 komanda olmaqla 8 qrupa deyil, dörd “səkkizliy”ə bölünəcək.
Dairəvi sistemlə iki dövrədə keçiriləcək qrup mərhələsində ilk 4 yeri tutanlar 1/8 finala yüksələcək. Bu 16 klub, həmçinin beşinci yer sahibləri növbəti ildə də Çempionlar Liqasında oynamaq hüququna yiyələnəcək.
Bu komandalara qoşulacaq digər 4 kollektiv isə 6-7-ci yerlər arasında oyunlarda müəyyənləşəcək. Həmin 24 klub daxili yarışlarındakı nəticələrindən asılı olmayaraq qitənin ən nüfuzlu klub turnirinə qatılacaq.
Qeyd edək ki, yenilikdən sonra turnirdə mövsüm ərzində keçirilən oyunların sayı 224-ə çatdırılacaq./ONA