Topaz Premyer Liqasının XXII turu çərçivəsində bu gün keçiriləcək "Sumqayıt" - "Qarabağ" görüşündə hər iki komanda birgə sosial layihəyə imza atacaq.
Bu layihə Aprel döyüşlərinə həsr olunacaq. Belə ki, komandalar 18:30-da start götürəcək qarşılaşmadan əvvəl meydana xüsusi maykalarda çıxacaqlar. Həmin maykaların üzərində üç il əvvəlki hadisəni əks etdirən fotolar yer alacaq.
Bundan əlavə, futbolçular Aprel döyüşlərindəki şəhidlərin övladları ilə meydana çıxacaqlar. Həmçinin oyunçuların əllərindəki plakat da həmin hadisəyə həsr olunacaq.
Bu, xüsusən də, "Qarabağ" klubunun ilk belə layihəsi deyil. Ağdam təmsilçisi dəfələrlə analoji jestlərlə diqqət çəkib. Komanda bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Sportinq"lə ev oyununa məcburi köçkün olan şəhid ailələrinin övladları ilə meydana çıxmışdı.
Qeyd edək ki, Aprel döyüşləri 2016-cı ilə təsadüf edib. Dördgünlük müharibədə (1-5 aprel) Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş verib. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub./matc.az