Azərbaycan gimnastı Marina Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.
Təmsilçimiz dayaqla tullanma yarışlarında 13,966 xal toplayaraq təsnifat mərhələsində 7-ci olub. M.Nekrasova bu nəticə ilə turnirin həlledici mərhələsinə yüksəlib.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.
Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.
Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.