Qazaxda iki ədəd top mərmisi tapılıb- Foto

15:44 - 6 Mart 2019 - Xəbər

Martın 5-də tarixində saat 17:16-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Ağköynək, Cəfərli və Aslanbəyli kəndləri ərazisində xeyli sayda döyüş sursatının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Ucnoqta.az-a daxil olan xəbərdə bildirilir ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Qazax sərhəd dəstəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Qazax sərhəd dəstəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunan tarixdə Ağköynək kəndinin ərazisinə baxış keçirilmiş, havanın qaranlıq olması nəzərə alınaraq, təhlükəsizliyin təmin edilməsi məqsədilə məlumatda qeyd olunmuş Cəfərli və Aslanbəyli kəndləri ərazisində əməliyyat-axtarış tədbirləri 2019-cu ilin 06 mart tarixində davam etdirilmiş, nəticədə Cəfərli kəndi ərazisində əkin sahəsinə baxış keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 85 mm-lik top mərmisi (BR-365K) və 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 1,600 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbər xətti