Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki 5 obyektdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini A.Abışov RPŞ-nin Göytəpə polis bölməsinə ərizə ilə müraciət edərək ona məxsus hamam binasının anbarından 500 manat dəyərində dəmir boruların oğurlandığını bildirib.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Göytəpə şəhər sakinləri E.Eynullayev, Z. Şükürov və M. Nurullayev saxlanılıb. Araşdırmalarla onların digər oğurluq əməllərinin də üstü açılıb və rayon ərazisindəki mağaza, çayxana, təmir sexi, məscid olmaqla ümumilikdə 4 obyektdən də 300 manat dəyərində su mühərriki, 250 manat dəyərində elektrik nizamlayıcısı, 105 manat dəyərində avtomobil təmiri alətləri, həmçinin kabel və digər məişət əşyalarını oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.