Bu gün Xocalı soyqırımının 27-ci ildönümüdür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırım baş verib.
Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər.
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.
O cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş.
Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla öldürüldü.
Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.