Azərbaycanlı futbolçu Arzuman Rizvanov bundan sonra Çexiyanın yüksək liqasında mübarizə aparan "Bohemians" klubunun şərəfini qoruyacaq.
Bu barədə U-21 millimizin yarımmüdafiəçisinin meneceri Erkin İbrahimov məlumat yayıb. "Neftçi"nin yetirməsinin Çexiya klubu ilə peşəkar müqaviləsinin müddəti bu ilin sonuna kimidir. 1890-cı ildə yaradılan "Bohemians" Çexiyanın ən köklü klublarından sayılır. Məşhur çex futbolçu Panenka da "Bohemians"ın yetirməsidir. Paytaxt Praqanı təmsil edən komandanın heyətində daha çox gənc futbolçular yer alır.
Qeyd edək ki, Rizvanov son 1,5 ili Çexiyanın "Banik" klubunda keçirib.