Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun son 2 oyunu keçiriləcək.
Əvvəlcə "Bayıl Arena"da son iki mövsümün debütantı "Səbail" və "Sabah" klubları üz-üzə gələcək. Hazırda Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv 24 xalla 3-cü, onun rəqib həmkarı Elşad Əhmədovun komandası isə 20 xalla 5-ci pillədə qərarlaşıb. “Səbail” əvvəlki iki oyunda uduzmayıb. “Sabah” isə rəqibinin qapısına qol vura bilməyib. Turun son oyunu isə son illərin ən prinsipial komandaları "Qarabağ" və "Qəbələ" arasında təşkil olunacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada hər iki kollektiv üçün qələbə vacib əhəmiyyət kəsb edir. İlk oyun günündə "Neftçi" "Zirə" ilə səfər matçında qolsuz heç-heçə edərək cəmi 1 xalla kifayətləndiyindən, qələbə "Qarabağ" üçün liderlə xal fərqinin minimuma enməsinə səbəb ola bilər.
Hazırda Ağdam komandası 34 xalla 2-ci pillədədir. Cəmi 23 xala malik "Qəbələ" isə hazırda çempionluq yox, 3-cü pilləni ələ keçirməyə can atır. Bunun üçün isə ən azı səfər matçından qalib ayrılmaq lazımdır. İndiyədək iki komanda Premyer Liqada 42 dəfə üz-üzə gəlib. Bunların 20-də "Qarabağ", 10-da "Qəbələ" qalib gəlibsə, 2 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində Ağdam təmsilçisi öndədir - 56:38. Digər tərəfdən, son qarşılaşmalarda “Qarabağ” ardıcıl 3 qələbə qazanıb. “Qəbələ” isə səfərdə 7 oyundur qalib gəlmir. Report