Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilir

08:12 - 12 Fevral 2019 - İDMAN

Bu gün UEFA Çempionlar Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start veriləcək.

1/8 final mərhələsinin ilk oyunları iki həftəni əhatə edəcək. Bu raunddan etibarən qitənin ən nüfuzlu klub turnirində videotəkrar (VAR) sistemindən istifadə olunacaq. İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Günün maraqla gözlənilən oyunu İngiltərədə təşkil olunacaq. "Mançester Yunayted" Fransanın PSJ komandasının müqavimətini qırmağa çalışacaq.

Bu İngiltərə təmsilçisinin baş məşqçi Ule Qunnar Sulşerin rəhbərliyi altında ilk Çempionlar Liqası oyunu olacaq. Hər iki komanda matça itkilərlə çıxacaq. Paris təmsilçisinin baş məşqçisi Tomas Tuxel üç əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Fransa klubunun heyətində müdafiəçi Tomas Mönye, hücumçular Edison Kavani və Neymar zədə səbəbindən bu oyunu buraxacaq. Meydan sahiblərində isə üç müdafiəçi zədəlidir. Markos Roxo, Antonio Valensiya və Matteo Darmian bu qarşılaşmada iştirak etməyəcək. Komandalar arasındakı Parisdə keçiriləcək cavab matçı martın 6-da olacaq.

Günün digər görüşü isə İtaliyada keçiriləcək. "Roma" Portuqaliyanın "Portu" kollektivini sınağa çəkəcək. Ötən mövsüm yarımfinal mərhələsinə kimi yüksələn italyanlar bu uğurun əbəs yerə olmadığını sübut etmək niyyətindədir. Portuqaliya çempionatının lideri isə cavab matçı öncəsi sərfəli nəticə qazanmağa cəhd göstərəcək.
Meydan sahiblərinin heyətində türkiyəli oyunçu Cengiz Ünder və Dieqo Perotti bu oyunu buraxacaq. Qonarlarda isə Xesus Korona cəzalı, Mussa Mareqa isə zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Cavab oyunu martın 6-da təşkil olunacaq.
Qeyd edək ki, 1/8 finalın ilk oyunlar çərçivəsindəki iki oyunu sabah keçiriləcək. Növbəti 4 oyun isə fevralın 19-20-də baş tutacaq.

Çempionlar Liqası 1/8 final,
ilk oyunlar 12 fevral 00:00.
“Roma” (İtaliya) – “Porto” (Portuqaliya) 00:00.
“Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa)
Report

Xəbər xətti