"Əvvəlcə həyat yoldaşımla danışdım. Əgər alınsa, PAOK-a qayıtmaq istəyirəm".
Qol.az-ın Qazaxıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri müqavilə ilə PAOK-a məxsus olan, mövsümün ilk hissəsini isə icarə əsasında "Astana"da keçirən Pedro Enrike deyib. Braziliyalı futbolçu Yunanıstanın "Arena FM" radiosuna açıqlamasında PAOK-a qayıdacağını bildirib:
"Sonra klubun prezidenti Qiorqos Savvidislə söhbətimiz oldu. Ona dedim ki, Ya mənə Braziliyada qalmağa icazə verin, ya da PAOK-a geri qaytarın. Çünki Qazaxıstanda qalmaq istəmirəm. Üç həftə sonra Savvidis mənə zəng vurdu və soruşdu ki, komandaya qayıtmağa hazırsan. Dərhal ona "hə" cavabı verdim və buna görə çox xoşbəxt oldum. Hər şey qısa müddətdə həllini tapmalıdır".
Qeyd edək ki, Pedro ötən mövsüm icarə əsasında "Qarabağ"ın da formasını geyinib.