Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir

18:37 - 11 Yanvar 2019 - KİVDF

 Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır

Hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu xalqımızın tarixi nailiyyətidir. Dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində çox mühüm nailiyyətlər əldə olunub, vətəndaş cəmiyyəti formalaşmışıb. Bu məqsədlə Azərbaycanın hüquq sistemində köklü islahatlar aparılıb. İslahatlara uyğun olaraq yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar qəbul edilib.

"Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb, konstitusiya nəzarəti ideyası qəbul edilib. Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il Qanununda inkişaf etdirilərək öz real təminatını tapıb və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaradıb. Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib, köhnə hüquq sistemindən miras qalmış korporativ münasibətləri aradan qaldırıb.

"Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilib. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanıb və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Ölkədə aparılan məhkəmə-hüquq islahatına uyğun olaraq məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının da cəmiyyətdə roluna yenidən baxılıb, onun fəaliyyəti beynəlxalq normalara və demokratik institutların tələblərinə uyğunlaşdırılıbr. Hazırda Azərbaycan Respublikası Prokurorluğu müstəqil dövlət orqanı olmaqla cinayət işi başlayır və ibtidai istintaq aparır, ibtidai istintaqa prosessual rəhbərlik edir, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət edir, dövlət ittihamını müdafiə edir, mülki işlər üzrə dövlət mənafeyinin müdafiəsi üçün iddia verir.

Eyni zamanda müstəqil təsisat olan Vəkillər Kollegiyasının fəaliyyətinin yeni, demokratik əsaslarla təşkil edilməsi və əhaliyə hüquqi yardımın yaxşılaşdırılması məqsədilə 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun qəbul edilib, hüquqi yardımın göstərilməsində bu orqanın rolunun daha da artırılması məqsədilə bu sahədə qanunvericilik daha da təkmilləşdirilərək müasir tələblərə uyğunlaşdırılıb.

”Məhkəmələr və hakimlər haqqında” qanunun 3-cü maddəsində bildirilir ki, Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilib. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər.  Qeyd edilir ki, məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir. Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır.
Azərbaycan  Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələrində işlərə kollegial və hakim tərəfindən təkbaşına: birinci instansiya məhkəməsində işlərə təkbaşına və ya üç hakimdən ibarət tərkibdə, appelyasiya və kassasiya instansiyası məhkəməsində üç və ya daha çox hakimdən ibarət tərkibdə baxılır. Onlar işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar.  Bu qanunu 5-ci maddəsi isə məhkəmələrin qərarları tənzimlənməsinə əks etdirir  və bildirilir ki, məhkəmələr baxılmış işlər üzrə  Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni  qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Qeyd edək ki, "İcra haqqında " Qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. 
Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş qaydada və müəyyən edilmiş müddət ərzində Məhkəmə prosesi yekunlaşdıqdan, yəni Məhkəmə baxdığı işlə bağlı Qərar qəbul etdikdən sonra həmin qərardan yuxarı Məhkəmə orqanına qanunvericliklə müəyyən edilmiş vaxt ərzində şikayət edilmədiyi təqdirdə Qərar Qüvvəyə minmiş hesab edilir və İcraya yönəldilir. “Icra haqqında” Qanunun 2-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.. İcra məmurlarının səlahiyyətləri isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Ümumiyyətlə Məhkəmə qərarlarının İcrası fəaliyyəti bir başa olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcraçılar Baş idarəsinə həvalə olunur. Belə ki, Qətnamə hüquqi hərəkətin baş verməli yer üzrə icra olunmalıdır. Ədliyyə Nazirliyi baş idarəsinin hər bir Rayon(şəhər) məhkəmələrində İcra şöbələri fəaliyyət göstərir. Məhkəmə Qərarlarının icrası həmin şöbələrin əməkdaşlarından birinə, daha doğrusu İcra Məmuruna həvalə edilir. Azərbaycan Respublikası adından çıxan Qərarların icrası öhdələyini İcra Məmuru və onun aid olduğu orqan daşıyır. O cümlədən Məhkəmənin Qərarı ilə Qərarın İcrası Qərarda adı göstərilən digər dövlət orqanlarına və təşkilatlara tapşırıla bilər. Yəni Məhkəmə işinin mahiyyətindən asılı olaraq Qərar ilə edilməli olan hərəkət həmin funksiyanı yerinə yetirən orqana və ya təşkilata tapşırılır. Bu qanunun 4-cü maddəsində məhkəmə və digər orqanların qərarlarının tələblərini icra edən digər orqanlar və təşkilatlar  göstərilib. Bildirilir ki, bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Yuxarıda göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır.

İnzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar istisna olmaqla), o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada icra edilir.

(davamı var)

Xəbər xətti