2018-ci ili geridə qoyub, yeni ilə doğru irəliləyirik. Artıq 2019-cu ilin gəlməsinə sayılı günlər qalıb. Bəzən insanlar müəyyən fikirlər səsləndirirlər: bu il mənim üçün düşərli oldu, uğurlarım bol oldu, sevindirici hadisələrlə yadda qaldı, yaxud da əksinə. Bəs, görəsən bizim sənət adamlarımız 2018-ci ili necə keçiriblər? Bu il onlar üçün düşərli olubmu? 2018-ci il onların həyatında əsas nələrlə yadda qalıb?
“2018-ci ildə fəxri ad, yaxud elə bir hədiyyə almadım”
Müğənni Baloğan Əşrəfov bildirir ki, 2018-ci ildə adi insanlar kimi həyat tərzi keçirib, müğənni kimi el şənliklərində olub: “Toylara getdim, xalqın balalarına xeyir-dua verdim, ictimai insanlar kimi ictimaiyyət arasında gəzdim, dolandım. 2018-ci ildə həyatımda elə də fövqəladə bir hadisə olmadı. Fəxri ad, yaxud elə bir hədiyyə almadım ki, onu vurğulayım. Telekanallarda daima insanlar qarşısında ifa etdim. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə xalqımızı təbrik edirəm. İnsanlara rahatçılıq, xoş, firavan günlər arzulayıram, başları hər zaman toy-bayrama qarışsın”.
“İlin son günlərində çoxdan gözlədiyim bədii filmə start verdik”
Gənc aktrisa Səbinə Məmmədova deyir ki, bu il onun iş həyatında çox uğurlu olub: “Belə ki, yay Moskva məktəbini qazandım. Orada Şekspirin “Yay gecəsində yuxu” əsərində Germiya obrazını ifa etdim. Yenidən Moskvada payız aylarında Artmiqrasiya layihəsinə qəbul oldum. On gün biomexanika aktera treninqlərində iştirak etdim. “Ögey ana” serialında müsbət, şirin Cəmilə obrazını oynadım və bu obrazım tamaşaçılar tərəfindən çox sevildi. Bu da mənim üçün üçün böyük uğurdur. Və “O gecə” serialında yeni başqa bir xarakter yarandı, Xumar - ifritənin biri. O da tamaşaçılar tərəfindən necə lazımdır qəbul olunur. Teatrda Aylanın quruluşunda “Çeburaşka”- sevdiyim nağıl qəhrəmanını canlandırdım. Və ilin son tamaşasında “Leyli və Məcnun”da barmaqlarım sındı. Ağrı çox pis olsa da heç kimə hiss etdirmədən oynamağım mənə öz güvənimi artırdı. Və ilin son günlərində çoxdan gözlədiyim bədii filmə start verdik. Filmin adı hələlik mediadan uzaq qalmalıdır. Amma dram janrında peşəkar komanda ilə işlər gedir. Xeyirlisi olsun inşallah. Şükürlər olsun, mənim üçün çox gözəl və düşərli bir il oldu”.
“İlin yekununu məhz bu moda həftəsi ilə vuracam”
Tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova bildirir ki, hər il olduğu kimi 2018-ci ildə də uğurları bol olub: “Bəzən bizim, yəni yaradıcı insanların işləri, uğurları, yaradıcı görüşləri o qədər çox olur ki, bəzi işləri unudursan. İlboyu bir çox ölkələrdə moda həftələrində iştirak etdim. Həm beynəlxalq, həm də ölkədə keçirilən mükafatlandırma mərasimlərində mükafatlar aldım. Qeyd edim ki, vətənimizdə aldığımız mükafatlar öz yerində, amma xaricdə aldığımız mükafatların bir başqa yeri var. Çünki biz orada ölkəmizi təmsil edirik. 2018-ci ilin aprel ayında Beynəlxalq Türksoyla İpəkyolu jurnalı və İpəkyolu Strateji Araşdırmalar Mərkəzinin təsis etdiyi “İlin altın adamları” mükafatlandırma mərasiminin keçirilməsinin 14-cü ili idi. Mən bu mərasimdə “İlin ən yaxşı modacısı” nominasiyası üzrə mükafat aldım. Cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir çox xarici ölkələrdə tez-tez tədbirlərdə iştirak etdik. Elə qardaş ölkəmizin İstanbul şəhərində Türkiyənin 95, Azərbaycanın 100 illiyi ilə bağlı “İki dövlət, bir millət” tədbirində iştirak etdik. Bundan başqa Qırğızıstan Mədəniyyət Nazirliyinin dəvəti və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qırğızıstanda III Beynəlxalq Köçəri Oyunlarının açılışında və bu oyunların nəzdində yaranmış Beynəlxalq Etno Mədəniyyət festivalında iştirak etdim. Və burada “Turan” kolleksiyamı nümayiş etdirdim. Hazırda İstanbuldayam, moda həftəsinə gəlmişəm. Bu moda həftəsində 20 ölkənin nümayəndələri iştirak edirlər. Mən də Azərbaycanımızı layiqincə təmsil edəcəm. Yəqin ki, ilin yekununu məhz bu moda həftəsi ilə vuracam. İşlər çoxdur, inşallah uğurlarımız hər zaman bol olar. Bütün insanlara uğurlar arzulayıram”.
“Mənim üçün uğurlu il oldu”
Xalq artisti Möhlət Müslümov deyir ki, istər sənətində, istərsə də ailə həyatında uğurlu il olub: “Səfərlərdə, dövlət tədbirlərində oldum. 2019-cu ildə rəhbəri olduğum Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblının gələn il 90 illik yubileyi olacaq, 2018-ci ildən bu yubileyə hazırlaşmışam. Yeni il və dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlı 2018-ci ilin son günlərində Türkiyənin İstanbul və İzmir şəhərlərinə konsertlərimiz olacaq. Ümumilikdə, mənim üçün uğurlu bir il oldu”.
“Ailə qurmağa hazırlaşıram”
Müğənni Leyla Ramazanlı deyir ki, 2018-ci il onun üçün də uğurlu olub: “Belə ki, Bodrumda çəkdirdiyim klipim işıq üzü gördü. Yeni mahnılar çıxartdım, həmişəki kimi fotosessiyalarım oldu. Növbəti ildə isə ailə qurmağa hazırlaşıram. Çünki artıq zamanıdır. Sənətçinin nə qədər uğurlu kariyerası olursa, o qədər də gözəl də ailəsi olmalıdır”.
“Ana olmağım 2018-ci ildə ən böyük uğurum oldu”
Gənc aktrisa Natavan Gümetin sözlərinə görə, bu il onun üçün də çox düşərli il olub: “Ana olmağım 2018-ci ildə ən böyük uğurum oldu. Allahım arzusunda olan hər qadına nəsib etsin inşallah. “Təhminə və Zaur” serialında baş rol almağım da bu ilki uğurlarım sırasındadır. 2018-ci il uzun illərdir ətrafımda olan amma tanıya bilmədiyim insanları mənə tanıtdı. İlin bitməsi də gözəl oldu, maskaları düşənlər oldu”.
“Bu il daha çox itkilərlə yadda qaldı”
Müğənni Gülyanaq Məmmədova deyir ki, insanın il boyu qazandıqları ilə yanaşı itirdikləri də olur: “İlin başında xalq artisti Kamil Vəzirovu itirdik. Bunun ardınca atamı, daha sonra əmimi itirdik. May ayına qədər çox əziyyətlər və stresslər yaşadıq. Ata itkisi çox ağırdır. Bu il daha çox itkilərlə yadda qaldı. Amma həyatdır da, əlimizdən nə gəlir ki, dünyaya gələn bir gün də gedir. Buna baxmayaraq sənətimizdən və fəaliyyətimizdən geri durmadıq. Müəyyən qədər uğurlarımız da oldu. İnsan itirdiklərini qəlbində yaşadır, həyat davam edir. Sənətimiz, uğurlarımız olmadan yaşaya bilmərik. Bundan zövq alırıq. 2018-ci il mənim üçün nə uğurlu oldu, nə də uğursuz... 2019-cu ildən daha böyük uğurlar gözləyirik”.
“Bir çox yeni layihələrə imza atdım”
Gənc aktrisa Günel Məmmədovanın sözlərinə görə, 2018-ci il onun üçün həqiqətən də çox uğurlu olub: “Bir çox yeni layihələrə imza atdım, inşallah onun bəhrəsini 2019-cu ildə görəcəm. İki filmim var ki, o da növbəti ildə ərsəyə gələcək. 2018-ci ildə təntənəli şəkildə Gənc Tamaşaçılar Teatrının (GTT) 90 illik yubileyini qeyd etdik, bu mənim üçün çox sevindirici bir hal oldu. Deyərdim ki, mənim üçün bəlkə də 2018-ci ilin ən böyük hədiyyəsi və sevindirici halı bu oldu. 2018-ci il GTT-nin 90 illiyi və həmçinin bir çox həmkarlarım fəxri ada layiq görülməsi ilə yadda qaldı”.
“Çox qarışıq il oldu, heç bir planımı başa çatdıra bilmədim”
Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə deyir ki, bu il onun üçün o qədər də uğurlu olmayıb: “Tofiq Quliyev adına I estrada mahnı müsabiqəsinin qala konserti və o konsertin rejissoru və münsiflər heyətinin üzvü olmağımla yadımda qaldı. Türkiyədə beynəlxalq qurultayda iştirak etdim, çox görüşlərim və əməkdaşlıq müqavilələrim oldu. Almaniya ilə iş birliyimiz baş tutdu, klipimiz ərsəyə gəldi. Ümumilikdə isə, mənim üçün çox qarışıq il oldu, heç bir planımı başa çatdıra bilmədim. Vacib planlarımın, layihələrimin hamısı yarımçıq qaldı. Mənim üçün o qədər də uğurlu bir il olmadı. Yarımçıq planlarla yeni ilə keçmək istəməzdim, amma təəssüf ki, belə oldu. 2019-cu ildə hamısını başa vuracam inşallah”.
Könül Oruc