Şabran və Cəlilabadda 241 hektar sahədə siçanabənzər gəmiricilər aşkarlanıb

12:23 - 12 Dekabr 2018 - ÖLKƏ İÇİ

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Şabran və Cəlilabad rayonlarında kənd təsərrüfatı bitkilərinin xüsusu təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, cari ilin dekabr ayının birinci həftəsində Şabran rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən siçanabənzər gəmiricilərin yayılma arealını müəyyənləşdirmək məqsədi ilə 358 hektar sahədə fitosanitar müşahidələr aparılıb. Müşahidə zamanı taxıl sahələrini, meyvə və üzüm bağlarını, yonca və təbii otlaqları əhatə edən 241 hektar sahədə adıçəkilən zərərverici ilə sirayətlənmə müəyyən olunub.

Dövlət büdcəsi vəsaiti hesabına 35 hektar taxıl sahəsində brodifak preparatı ilə kimyəvi mübarizə tədbirləri aparılıb.

Cəlilabad Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Astanlı, Zopun, Hamaraqışlaq, Ağdaş, Pirvonlu, Kovuzbulaq, Şatırlı, Qurdlar kəndləri ərazilərini əhatə edən 1460 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb və 1210 hektar sahənin gəmiricilərlə sirayətləndiyi müəyyən edilib. Dövlət büdcəsi  vəsaiti hesabına Brodifak preparatı ilə 650 hektar sahədə mübarizə aparılıb. Mübarizənin iqtisadi səmərəliliyi 89,91% olub.

Hazırda hər iki rayonda mübarizə işləri davam etdirilir.

Mübarizə tədbirləri ilə yanaşı ərazidə çalışan işçilər işə başlamamışdan əvvəl ciddi şəkildə təlimatlandırılır və onlara  aldadıcı yemin tətbiqi zamanı təhlükəsizlik  qaydaları ilə bağlı müvafiq tövsiyələr verilir.


Xəbər xətti