Bakıda xurmada Aralıq dənizi meyvə milçəyi aşkar olunub -Foto

22:14 - 19 Noyabr 2018 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən mütəmadi olaraq monitorinqlər davam etdirilir.

Agentlikdən Ucnoqta.az-a verilən məlumata görə, monitorinqlər çərçivəsində Bakı şəhəri ətrafında yerləşən kəndlərdə karantin zərərli orqanizmlər sirayətlənməsi şübhə doğuran xurma məhsulundan müayinə üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aparılan müayinələr nəticəsində nümunələr götürülmüş xurma məhsulunda Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata (Wedemann)) aşkar olunub. Bu zərərli orqanizm xüsusi ilə müxtəlif fəsilələrdən olan meyvə ağaclarına zərər vurur.
Həmçinin, meyvələrin çürüməsinə səbəb olan göbələklərin yayılmasına şərait yaradır. Bununla bağlı olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinə profilaktik tədbirlərin görülməsi üçün müraciət olunub.

Qeyd edək ki, Aralıq dənizi meyvə milçəyi Azərbaycan Respublikasının ərazisi üçün karantin tətbiq edilən zərərli orqanizm olmaqla, Türkiyə, Rusiya, Albaniya, Əlcəzair, Xorvatiya, Kipr, Misir, Fransa, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Malta, Mərakeş, Portuqaliya və s. kimi ölkələrdə yayılılıb.


Xəbər xətti