Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın Şəhidlər Xiyabanında “Cümhuriyyət suitası” adlı mahnıya çəkdirdiyi yeni klipi qalmaqala səbəb olub.
Ucnoqta.az Open.az-a istinadən xəbər verir ki, rəqqasənin Şəhidlər Xiyabanında yerləşən alov abidəsinin önündə rəqs etməsi şəhid ailəsi tərəfindən birmənalı qarşılanmayıb.
Fatimə bütün bunlara "İnstagram" hesabında cavab verib: “Nə oldu? Nə baş verdi? Nə edirəm, gözünüzə ox kimi batır. Bu vətənin qızı olaraq, Azərbaycana uyğun növbəti klipimi çəkdirdim. Niyə birmənalı qarşılamırsınız? Orada tənqid ediləsi heç bir hərəkət yoxdur. Klipi cümhuriyyətimizin 100 illiyinə həsr etmişəm və ayıb iş görməmişəm. Bu nədir? O dəqiqə top atəşinə tutursunuz, deyirsiniz ki, Şəhidlər Xiyabanında çəkdirib, anlamadım, niyə?
İllər əvvəl orada hamı klip çəkdirib, onları qınamadınız, indi məni qınayırsınız? Şəhid ruhuna tərbiyəsizlik etməmişəm, etmərəm də. O şəhidlərin sayəsində sağlam ölkədə yaşayıramsa, onların qanı ilə ayaqdayamsa, ruhlarını incitmərəm, narahat olmayın. Məzarların önündə yox, alov abidəsinin qarşısında rəqs etmişəm.
Rəqsim də toyxana rəqsi deyil, vətənimizin qələbəsinə həsr olunub. Ağzıgöyçəklər, susmağınız və işimi alqışlamağınız lazımdır. Vətən üçün edilən hər bir addım daş-qalaq olunmur, alqışlanır”.