9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür
Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub.
1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub.
2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.
2009-cu il noyabrın 9-da - Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı olub. 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub.
Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib. Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.