Bakıda dəhşətli qətlin üstü açılıb- 77 yaşlı nənəsini yandıran nəvə saxlanılıb

18:41 - 7 Noyabr 2018 - Xəbər

Nəsimi rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Ucnoqta.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə verilən məlumatına görə, noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər aparılmışdır.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilmişdir. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
​Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti