Radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Famil Fazil oğlu və Rzayev Rüstəm Rafael oğlunun silah-sursat və partlayıcı maddələr əldə etmələri, ölkə ərazisində terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxirəsalınmaz tədbirlər keçirilib.
DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, 2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzayevin və Famil Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanıl;b. Lakin həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayev məhv ediliblər.
Hadisə yerindən 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd “F1” əl qumbarası, Famil Ələkbərova məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılmış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.