Əhməd Qəşəmoğlu: “Yay-qış vaxtına keçidin təmin olunması ağlabatan bir fikirdir”
Könül Telmanqızı: “Yay-qış vaxtına keçidin ləğv olunması daha məqsədəuyğundur”
Lalə Mehralı: “İnsanların işə tez gəlib, tez getməsini təmin edə biləcəklərsə, yenidən bu sistemi qaytarmaq olar”
Təhsil eksperti Kamran Əsədov Azərbaycanda yay-qış vaxtının ləğv edilməsi barədə qərarın mənfi cəhətlərindən danışıb. O, 1.5 milyon şagirdin çətin vəziyyətə düşdüyünü vurğulayıb:
“Bildiyiniz kimi, 2016-cı ildə Nazirlər Kabineti yay-qış vaxtına keçidin ləğvi barədə qərar qəbul edib. Bu qərar 4500-dən çox orta məktəbdə oxuyan 1.5 milyon şagirdimizin qış aylarında səhər saatlarında, hələ hava tam işıqlanmamış evdən çıxmasına səbəb olur. Qərar körpə uşaqların normal səhər yuxusu almadan məktəb və uşaq bağçalarına getməsinə, uşaqlar arasında aqressivliyin artmasına, zehni pozğunluğa və əsəb gərginliyinə gətirib çıxarır. Səhər saat 08:00-da məktəbdə olmaq üçün uşaqlar saat 07:00 və daha tez yuxudan oyanmalıdırlar. Saatlar irəli çəkilməyəndə isə bu saat 6 deməkdir. Qış aylarında saat 7, hətta 8 belə qaranlıq olur. Nəzərə alsaq ki, Azərbaycan ərazisində heç vaxt səhər saat 06:00-da Günəş üfüqdə görünmür, onda deyə bilərik ki, ümumiyyətlə saatların yay və qış vaxtına keçilməməsinin heç bir müsbət nəticəsi yoxdur. Əksinə, kifayət qədər mənfi tərəfi var. Tədqiqatlara əsaslanaraq təklif edirəm ki, Azərbaycanda saat əqrəblərinin irəli və geri çəkilməsi payızda yenidən tətbiq edilsin”.
Bəli, bildiyimiz kimi, bizdə əvvəllər yay-qış vaxtına keçid olurdu. Belə ki, oktyabr ayının sonuncu həftəsonunda qış vaxtına, mart ayının sonuncu həftəsonunda isə yay vaxtına keçid təmin olunurdu. Lakin artıq ikinci ildir ki, bu qərar ləğv olunub. Məsələnin psixoloji və sosioloji tərəflərini işlədik.
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Sosioloq Əhməd Qəşəmoğlu yay-qış vaxtına keçidin təmin olunmasının ağlabatan bir fikir olduğunu deyir:
“Bu sistem elə formada tənzimlənməlidir ki, məktəb şagirdləri normal şəkildə yuxudan oyanıb dərsinə gedə bilsin. Və əgər yay-qış vaxtına keçid təmin olunarsa ikinci növbədə oxuyan şagirdlərin axşam saatlarında qaranlıqda evə qayıtmaq problemləri də yaşanmaz. Təhsil ekpserti Kamran Əsədovun fikirlərini mən də dəstəkləyirəm”.
Psixoloq Könül Telmanqızı deyir ki, yay-qış vaxtına keçid bir çox ölkələrdə ləğv olunub: “Bizim də bu saat rejimi ilə fəaliyyət göstərməyimiz çox məqsədəuyğundur. Gündəlik həyatda insan hansı saata adaptasiya olursa, ona da uyğunlaşır. Və bu çox normal bir haldır. Belə deyək ki, insanın psixologiyası artıq öz həyatında qurduğu sistemə adaptasiya olur. Bu insanların psixologiyası üçün çox yaxşı bir haldır. Tək uşaqlarda, məktəb şagirdlərində deyil, elə böyük insanların özündə də saat dəyişimi onların səhhətinə çox pis təsir edir. Onlarda hər hansı baş ağrıları, müəyyən ürək sıxıntısı kimi problemlərin yaranmasına gətirib çıxarırdı. Saat dəyişimi hətta onların psixologiyasına da təsir edirdi”.
K.Telmanqızının sözlərinə görə, normalda insan səkkiz saat yuxu yatmalıdır: “Əgər uşaqların yuxu rejimi düzgün şəkildə təşkil olunarsa və valideyn övladı üçün daimi proqram əsasında sistem qurarsa, bu hal heç də onların psixologiyasına təsir etməz. Səhər tezdən oyanmaq, axşam dərsdən bir saat gec çıxmaq onların psixologiyasına pis təsir edən hal deyil. Çünki uşaq bir sistemə adaptasiya olur və valideyn eyni saata uyğunlaşır”.
Psixoloq hesab edir ki, əvvəllər saat dəyişimi uşaqlara daha çox pis təsir edirmiş: “Çünki onda adaptasiya sistemi dəyişirdi, yuxu sistemində tez oyanmalar və gec oyanmalar kimi hallar baş verirdi. Uşaqlar bu sistemə tam uyğunlaşa bilmirdi. Ona görə də bəzən görürdük ki, saat dəyişimi uşaqların səhhətinə də təsir edirdi. Yay-qış vaxtına keçidin ləğv olunmasının uşaqlara heç bir təsiri yoxdur. Ümumiyyətlə bir çox ölkələrdə ləğv olunduğu kimi, bizdə ləğv olunmasını çox məqsədəuyğun bir hal kimi qəbul edirəm”.
Sağlam Cəmiyyət İB-nin sədri, sosioloq Lalə Mehralının sözlərinə görə, artıq ikinci ildir ki, yay-qış vaxtına keçid etmirik: “Biz axşamlar isə tez qaraldığını düşünsək, keçidin əslində faydası var idi. Dərs səhər saat 8.00 başlayırsa, uşaqlar normal şəkildə qalxıb məktəbə gedə bilirlər. Yəni səhər, birinci növbədə bir problem yoxdur. Lakin axşam saat 6-da hava qaralır, ikinci növbədə dərsdən çıxan uşaqlar üçün bu çətinlik törədir. Günorta dərsə gedir, axşam saat beş, altının yarısında dərsdən çıxır və evə getməkdə çətinlik yaranır”.
Sosioloqun sözlərinə görə, bəzən deyirlər ki, saatların çəkilməsi insanların orqanizminə pis təsir edir: “Nəinki uşaqlar, şəxsən özüm də saatlar çəkilən ərəfədə yuxu rejimimi itirirdim. Bu insana psixoloji olaraq təsir edir. İndinin özündə də hər səhər saat 7-də qalxıb, uşaqları məktəbə aparmağa hazırlayıramsa, əvvəllər bu rejim başqa cür idi. Əvvəl saat 7-də qalxırdımsa, indiki rejimlə mən saat 6-da qalxmalıyam, Avtomatik olaraq səhər 6-da yuxudan ayılıram və saat 7-yə qədər yata bilmirəm. Çünki insanın orqanizmi, bioloji quruluşu o vəziyyətə adaptasiya olur. Saatın nə göstərməyi artıq bizə “Bu vaxt” olaraq psixoloji təsir edir. Bu baxımdan saatların irəli-geri çəkilməsini məqsədəuyğun hesab edirəm. Amma bir şərtlə ki, iş yerləri səhərlər bir saat tez başlasın, axşamlar da bir saat tez bağlansın. Yəni insanların işə tez gəlib, tez getməsini təmin edə biləcəklərsə, yenidən bu sistemi qaytarmaq olar”.
L.Mehralı deyir ki, burda söhbət insanı təbiətə uyğunlaşdırmaqdan gedir. İnsan təbiətlə oyanıb, təbiətlə istirahətə çəkilməlidir: “Səhərlər saat neçədə işıqlanırsa iş günü həmin vaxt başlamalı, axşamlar hava neçədə qaralırsa ona uyğun tənzimləməlidir. Yəni indi saat 8-də işə gediriksə, əvvəlki vəziyyətlə biz saat 7-də işdə olmalı idik. Halbuki indi saat səkkizə qədər gözləməliyik. Belə ki, arada bizim saatlarımız itir. Axşam işdən çıxıb evə getmək və marşrut problemləri olur. Yay-qış vaxtına keçidin bərpa olunmasında bir problem görmürəm. Artıq biz illərdir, müşahidə edirik ki, yaydan qış, qışdan da yay rejiminə keçəndə təcili tibbi yardıma müraciət edənlərin sayı çoxalır. Saatbaşı dərman qəbul edən, rejimlə qidalanan insanlar var ki, səhhətlərinə görə panika yaşayırlar, stress keçirirlər. Yəni rejim dəyişəndə sistemə adaptasiya olmaq çətinliyi çəkirlər. O vəziyyəti də, hazırkı vəziyyəti də ölçüb-biçmək və ümumi qərara gəlmək lazımdır”.
Könül Oruc