Azərbaycan Mətbuat Şurası bəyanatla çıxış edib.
Mətbuat Şurasından Ucnoqta.az-a verilən məlumata görə, bəyanatda deyilir:
"2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılmış Azərbaycan Mətbuat Şurası media məkanımızın saflaşması, jurnalistikamızın siyasi maraqlardan, qrup mənafelələrindən xilas olması üçün mübarizə aparıb, barışmaz mövqeyi ilə seçilib. Ötən müddətdə Şuranın cəmiyyətdə etibarlı ictimai institut kimi özünü təsdiqləməsi də məhz bu məramın gerçəkləşməsinə olan məsuliyyətli yanaşmadan irəli gəlib.
Mətbuat Şurasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə yönələn missiyası heç də birmənalı qarşılanmayıb. Fəaliyyətinin ilk illərində bir-birinə zidd siyasi qütblər tərəfindən qınaq obyektinə çevrilmiş Şura sonrakı zaman kəsiyində mətbuatdan sui-istifadə, şantaj və böhtan əməllərini gerçəkləşdirmək niyyətində olan şəxslərin tənələri, təhdidləri ilə üzləşib. Qurumun İdarə Heyətinin üzvləri təhqirlərə, nalayiq ifadələrə məruz qalıblar. Mətbuat Şurasına qarşı məhkəmə iddiaları da olub.
Nə özlərinin media ilə bağlı yarımçıq təsəvvürlərini həqiqət hesab edib cəbhə açanlar, nə də kimlərəsə sığınıb guya komanda oyunu oynadıqlarını düşünənlər uğur qazanıblar. Ölkə ictimaiyyəti onların düşdükləri durumun acınacaqlı sonluğunun görüb. Bu aqibət söz və ifadə azadlığının ruhuna, mahiyyətinə xəyanətin məntiqi nəticəsidir. Təəssüf ki, media orqanı adı ilə fəaliyyət göstərərək ölkəmizdə yaradılmış söz azadlığına, plüralizmə zor tətbiqi yolundan dönməyənlər qalmaqdadırlar. Onlar jurnalistika ilə bağlı bəsit təsəvvürlərini dəyər kimi ictimailəşdirməyə cəhd göstərirlər.
Mətbuat Şurasının istədiyi «Reallıq.info» və digər saytların rəhbəri olan İkram Rafiqoğlu kimilərinin jurnalist adı ilə ayrı-ayrı vətəndaşlara, idarə, müəssisə və təşkilatlara yanaşmasındakı «damokl qılıncı» obrazını heçə endirmək, bu üsul və vasitələrin əsl jurnalistika prinsipləri baxımından yolverilməzliyini, demokratik cəmiyyət quruculuğuna zidd təmayüllərini isbatlamaqdır.
Mətbuat cəmiyyətdəki naqislikləri, ayrı-ayrı məmurların özbaşınalıqlarını, onların ictimai maraq və mənafeləri heçə saymasını arqumentli şəkildə göstərməli, ifşa etməlidir. Müstəqillik illərində bununla bağlı kifayət qədər nümunələr var. Bu nümunələrin nəticəsidir ki, mediamız ictimai qınaq institutu olaraq qəbul edilir, onun funksiya və vəzifələrinə dəyər verilir. Ancaq İkram Rafiq oğlu Rəhimov kimi «reallıq axtarıcıları» nə istedad, nə şəxsi keyfiyyətlər baxımından bu nümunələrdə nəinki yer alıblar, heç həmin nümunələrin kənarına yaxın düşəcək səviyyəyə belə qalxmayıblar.
Bu gün Mətbuat Şurası ikramları, informasiya reallığını gözlərində gilyotin kimi görən rafiqoğluları və onun düşüncə kasadlığını bölüşənləri öz ofisinə dəvət edib, onlarla söhbətlər aparırsa, nəyi və nələrisə izah etməyə çalışırsa, tutduqları yolun yanlışlığını anladırsa, bu, Şuranın öz prinsiplərinə verdiyi dəyərdir. Qurumun yanaşmasından nəticə çıxaranlar və çıxarmayanlar var.
Azərbaycan Mətbuat Şurası ölkə jurnalistlərinin yaratdıqları, tərkibini seçdikləri medianın özünütənzimləmə orqanıdır. Qurumun İdarə Heyətinin hər bir üzvünə aşağılayıcı münasibət, böhtan və təhqir onları bu mövqeyə layiq görmüş media cameəsinə ünvanlanmış davranışdır.
İkram Rafiq oğlu Rəhimov «Reallıq.info» və digər informasiya saytları yaradaraq nəinki Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini, çoxlu sayda digər şəxsləri hədəfə alırdı. Şura «Reallıq.info»nun fəaliyyətindəki forma və metodların hüquqi prizmada dəyərləndirilməsinin vacibliyini məqbul saydığından ona qarşı ən sərt ölçü tədbirini seçmiş, adını özünün «qara siyahı»sına daxil etmişdi. Lakin İ.Rafiqoğlu heç bir hada bundan nəticə çıxarmamış və yarıtmaz fəaliyyətini davam etdirmişdi. Bu gün İ.Rəhimov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı irəli sürülən ittihamlar Şuraya «Reallıq.info»nun fəaliyyəti ilə bağlı daxil olmuş çoxsaylı şikayət məktublarının motivləri ilə tam uyğunluq təşkil edir. Əminik ki, aparılacaq istintaq araşdırmaları əsl həqiqətləri üzə çıxaracaqdır".