"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yerli startapların inkişafında öz iştirakını davam etdirir. Mərkəz əməkdaşları bu dəfə Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərən Barama Gəncə Mərkəzində startapları bir araya gətirib. “Startapçı həyatından bir gün” adlı bu görüş biznes ideyalarının stimullaşdırılmasını və praktik biliklərin paylaşılmasını təmin etmək məqsədi daşıyıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları sahibkarlıq haqqında maarifləndirici məlumatları startaplarla bölüşərək, öz işlərini qurmaq üçün onlara dəyərli məsləhətlər veriblər. Mərkəz əməkdaşları eyni zamanda sahibkar olmağın çətinlik və üstünlükləri haqqında danışıb, görüş iştirakçılarının suallarını cavablandırıblar. Həmçinin, Mərkəzin rezindentlərindən olan “Owbike” startap-ının rəhbəri Həsənağa Azad da bu görüşdə öz təcrübəsini paylaşıb. “Niyə startapçı olmalısınız?”, “Startap qurmağa nədən başlamaq lazımdır?”, “Nələrə diqqət edilməlidir?” kimi suallara tam ətraflı və detallı cavab verib, dünya təcrübəsinə əsaslanan məlumatları yerli entuziast gənclərlə paylaşıb.
Gəncədə keçirilən tədbir möhtəşəm ideyası olan və öz biznesinə başlamaq istəyən, və yaxud hələ konkret bir ideyası olmayan, amma sahibkar olmaq istəyən insanlar üçün əla fürsət olub.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz