“Aidiyyatı qurumlar parklanma məsələsinə bir az ciddi yanaşmalıdırlar”

18:14 - 28 Sentyabr 2018 - Xəbər

Elməddin Muradlı: “Bütün hallarda təhvil-təslim işləri gedirsə və o parkomatlar istifadə olunmayacaqsa, yığışdırılmalıdır”
Azər Allahverənov: “Bu günlərdə parklanma yerləri ilə bağlı müəyyən dəqiqləşdirmələr aparılır”


Bildiyimiz kimi, 2018-ci ilin aprel ayından etibarən Bakı şəhərində avtomobillərin parklanma yerlərinə nəzarət Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) səlahiyyətindən çıxarılaraq Bakı Nəqliyyat Agentliyinə verilib. Təhvil-təslim proseslərinin iki ay ərzində başa çatacağı bildirilsə də, hələ də parklanma yerlərinə BŞİH nəzarət edir. Məlumata görə, hətta BŞİH əvvəlki parkomatları ləğv edərək ödənişi yeni, mobil parkomatlarla qəbul etməyə başlayıb. Ödəniş isə paytaxtın ərazilərinə görə dəyişir. Elə yerlər var ki, parklanmanın saatı 1 manat, elə yer də var ki, 50 qəpikdən hesablanır.

Maraqlıdır, bu məsələ öz həllini necə tapmalıdır?  

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, prezidentin sərəncamı ilə hal-hazırda parklanma yerlərinin Bakı Nəqliyyat Agentliyinin nəzarətinə verilməsi ilə bağlı təhvil-təslim prosesi gedir: “Düzdür, iki ay müddət verilmişdi və o müddət artıq bitib. Görünür, hələ təhvil-təslim işlərində problemlər var. Amma belə müşahidə edirik ki, Bakı Şəhər İcra Hakimiyyəti parkomatların təhvil-təslim abu-havası yaratmır, öz bildiyini edir. Yenə də sürücülərdən qanunsuz ödənişlər yığırlar, hətta o parkomatlar da küçələrdə qalmaqda davam edir. BŞİH-nin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi əlavə olaraq postterminala bənzər bir cihaz gətirib və pulu nağd şəkildə sürücülərdən alır, əvəzinə isə çek verirdilər. Bütün hallarda təhvil-təslim işləri gedirsə və o parkomatlar istifadə olunmayacaqsa yığışdırılmalıdır”. 

E.Muradlı düşünür ki, BNA bu prosesləri sürətləndirsə daha yaxşı olar. Çünki sürücülər üçün heç nə dəyişmir, onsuz da ödəniş hansısa formada olacaq: “Fikrimcə, prezidentin sərəncamında da olduğu kimi bu qiymətlərə yenidən baxılmalıdır. Ümumiyyətlə, hazırda nəqliyyat sahəsində tariflərlə bağlı müəyyən boşluqlar var. O tarifləri BŞİH-in keçmiş başçısı Hacıbala Abutalıbov özü müəyyənləşdirmişdi. Məsələn elmlər metrosunda bir qiymət, bulvarda başqa qiymət, Nərimanovda isə başqa qiymət müəyyən etmişdi. Bunun da saatı 1 manat təşkil edirdi. Bu rəqəm bizim cəmiyyət üçün uyğun deyil, çox bahadır. Elə insan var ki, gün ərzində 10 saat iş rejimində çalışır. Belə çıxır ki, həmin insan gün ərzində parkomata 10 manat verməlidir. Bütün bunlar nəzərə alınmalıdır. İş yeri yaxınlıqda olan insanlara xüsusi kart verilməli, simvolik olaraq aylıq müəyyən məbləğ ödəməli və dayanacaqdan istifadə etməlidir. Yaxud yaxınlıqda yaşayan insanlar üçün pulsuz dayanacaq təmin olunmalıdır. Bununla bağlı mexanizm yoxdur, insanlar evinin kupçasını aparıb göstərməyə məcburdur. Deyək ki, kimsə rayondan gəlib kirayədə yaşayır, yaxud qonşu ölkədən gəlib hosteldə qalır və kupçası yoxdur. Belə olan zaman həmin adam nə etməlidir? Saatı 1 manatdan hər gün pul ödəməlidirmi? Bu məsələlər kompleks şəkildə öz həllini tapmalı, insanların rahatlığı təmin edilməlidir”. 

Nəqliyyat eksperti onu da vurğuladı ki, Dövlət Yol Polisi ilə razılaşdırılmalar aparılmalıdır: “Belə ki, harda gəldi parkinq yaratmaq olmaz. Keçidlərin yaxınlığında, altında, yəni sıxlıq yaradan yerlərdə park etmək olmaz. Fikrimcə, yeni parketmə yerlərinin yaradılmasına ehtiyac var. Məsələn, Neftçilər prospekti boyunca Xalça Muzeyindən Dəniz Vağzalına qədər sağ zolaqda bir cərgə üzrə səkiyə paralel parklanmaya icazə vermək olar. Çünki o sağ zolaq heç kimə mane olmur. Amma sürücüləri məcburən aparıb Azadlıq Meydanının yanındakı dayanacağa yığırlar. Sürücüülər də getmək istəmir. Uşağını Kukla Teatrına gətirən insan məcburdur ki, maşını aparıb Dəniz Vağzalının yanında park edib, yenidən həmin ünvana qayıtsın. Çünki burda dayanma-durmanı qadağan ediblər. Çox xoşagəlməz vəziyyətlər yaranır, telefon mağazasının qabağında dayanma-durmaya icazə verilir, aptekin qabağında isə dayanma-durmanı qadağan edən nişan qoyulur. Cəmiyyət üçün hansı daha önəmlidir? Bunu fikirləşmək lazımdır. Çünki aptekə gələn insan kefindən gəlmir, ya evindəki xəstəsinə, ya da özünə dərman almaq üçün gəlir. Amma telefon mağazasına gələn insan rahat şəkildə gəzə-gəzə də gələ bilər, təcili bir hal yoxdur. Bundan əlavə bəzən gecələr bəzi obyektlərin qabağına dayanma-durmanı qadağan edən nişan qoyurlar, daha sonra həmin obyektin rəhbərliyi ilə hansısa formada razılığa gəlirlər, səhər həmin nişanı götürürlər. Maraqlıdır, dünən olmurdusa, bu gün necə olur? Aidiyyatı qurumlar parklanma məsələsinə bir az ciddi yanaşmalıdırlar”. 

E.Muradlı düşünür ki, bu məsələlər Bakı Nəqliyyat Agentliyinin, Dövlət Yol Polisi İdarəsinin və müstəqil ekspert və hüquqşünasların iştirakı ilə bir daha nəzərdən keçirilməli, iş ona uyğun qurulmalıdır: “Yoxsa köhnə qaydanı tətbiq etmək və həmin qiyməti saxlamaq məqsədəuyğun deyil. Onsuz da BŞİH-nin qoyduğu qiymətlər hələ də  sürücüləri narahat edir. Əksər sürücülər ödəniş etmir, çünki BŞİH-nin dayanacaqdan pul yığmaq səlahiyyəti yoxdur. Şəxsən mən ödəmirəm. Məsələni elə həll etmək lazımdır ki, hər kəsin büdcəsinə uyğun olsun və insanların rahatlığı təmin olunsun”. 

Nəqliyyat eksperti Azər Allahverənov deyir ki, 2018-ci ilin aprel ayından etibarən Bakı Nəqliyyat Agentliyinin funksiyalarına parklanma yerləri üzərində nəzarətin tətbiq edilməsi daxil edildi. Bu səlahiyyət faktiki olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nəzarətindən çıxarılıb Bakı Nəqliyyat Agentliyinə verildi. Qanunvericilikdə artıq bu belədir. Məndə olan məlumata görə, bu günlərdə parklanma yerləri ilə bağlı müəyyən dəqiqləşdirmələr aparılır. Park yerlərinin nəinki müəyyən edilməsi, ödəniş məsələləri, eyni zamanda burda hansı sistemlərin tətbiq olunacağı, ümumiyyətlə bu sahənin konseptual əsasları işləndikdən sonra biz parklanma ilə bağlı hansı qaydaların qüvvəyə minəcəyinin şahidi olacağıq. Bu gün qüvvədə olan qaydalar faktiki olaraq müəyyən qeyri-qanuni mütəvidə həyata keçirilir. Çünki bu funksiyalar BŞİH tabeçiliyindən çıxarılıb, belə ki artıq onun nəzarətində deyil. Bu gün BNA-ya zəruri sənədlərin təhvil-təslim prosesləri gedir, yəni sırf inzibati müstəvidən həyata keçirilən işlərdir. Amma konkret olaraq parkomatlar, orda duran şəxslər, qeyri-qanuni ödənişləri tələb olunması məsələləri BNA tərəfindən həyata keçirilmir, eyni zamanda BŞİH tərəfindən də həyata keçirilməməlidir. Bunu yerlərdə kimlər və necə edirsə, bunu ancaq aidiyyatı qurumlar deyə bilər. Xüsusilə də söhbət qeyri-qanuni şəkildə pulların yığılmasından, müəyyən vergilərdən yayınma hallarından gedir. Çünki faktiki olaraq bu gün bu sahədə qüvvədə olan hər hansı qayda yoxdur. Bəli, park yerləri var və nəqliyyat vasitələri gəlib orda saxlaya bilər. Həmin qaydalar BNA tərəfindən müəyyən edildikdən sonra hər kəs park yerlərinin harda olduğunu, necə idarə edildiyini, məbləğin nə qədər təşkil etdiyini, qaydaları pozan şəxslərin necə və kim tərəfindən cərimələnəcəyi sonra məlum olacaq. Bu günə qədər bu məsələdə yekdil bir fikir yoxdur”.
Könül Oruc

Xəbər xətti