Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib
17:01 - 24 İyul 2018 - MEDİA
Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib.
Toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şura 2018-ci ilin ötən 7 ayı ərzində özünün Nizamnamə tələblərinə uyğun olaraq fəaliyyət göstərib. Qurum şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılması ilə yanaşı ictimai-siyasi mühitdə baş verən proseslərə adekvat reaksiyası ilə seçilib, medianın cəmiyyət həyatına təsirinin müxtəlif aspektlərinə dair tövsiyələr ünvanlayıb.
Ə.Amaşov Şuranın Gəncədə baş vermiş terror hadisələrinə medianın monolit komanda kimi dövlətçilik maraqları baxımından münasibət göstərməsi istiqamətində də iş apardığını diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan mediası terror və iğtişaşlarla müşaiyət edilən Gəncə hadisələrinə kifayət qədər peşəkar mövqedən yanaşdı. Ölkənin aparıcı kütləvi informasiya vasitələri sübut etdilər ki, Azərbaycanda qərarlaşmış siyasi sabitlik, asayiş və əmin-amanlıq mühitini pozmağa cəhd göstərənlərin qarşısında güclü müqavimət potensialına malik mütəşəkkil birlik var.
Ə.Amaşov Azərbaycan milli mətbuatının 143 illiyinin qeyd edilməsini də ötən müddətin mühüm hadisələrindən biri kimi dəyərləndirib.
Tədbirdə çıxış edən MŞ İdarə Heyətinin üzvlərindən - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı, “Azadinform” İA-nın baş redaktoru Niyaz Niftiyev, Milli.az saytının rəhbəri Anar İmanov, MŞ sədrinin müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli Şura sədrinin çıxışında yer alan məqamlarla əlaqədar fikirlərini bölüşüblər.
İdarə Heyətinin üzvləri mediaya dövlət dəstəyinin əhəmiyyətsizliyi ilə bağlı səslənən fikirlərə də münasibətlərini açıqlayıblar. Onlar bildiriblər ki, bu fikirləri dövriyyəyə gətirənlərin müəyyən qismi vaxtilə məsələnin əksini iddia edən, prosesi dəstəkləyən şəxslərdir. Belələrinin müəyyən qrup maraqları naminə gedilən yola kölgə salmaq, ümumən Azərbaycanda aparılan media siyasətinə təftişçilik nöqteyi-nəzərdən yanaşmaq, hansısa fərdi narazılıqları geniş etiraz kimi göstərmək cəhdləri yolverilməzdir, səmimilikdən uzaqdır. Azərbaycanda media sahəsində aparılan dövlət siyasətinin alternativsizliyini vurğulayan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bu siyasətin daha zəngin çalarlar əldə etməsi üçün qarşılıqlı əməkdaşlığın, fəaliyyətin daha da gücləndirlməsinin zəruriliyini əsaslandırıblar.