Tarif Şurası qiymətlərin tənzimlənməsinin həyata keçirilməsini təmin edir

18:13 - 5 İyul 2018 - KİVDF

Şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, təsərrüfat subyektləri, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli həyata keçirir

Dövlətin uğurlu iqtisadi siyasətinin tərkib hissəsi kimi tarif (qiymət) tənzimlənməsi hüquqi dövlət quruculu istiqamətində atılan önəmli addımlardan biridir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları” bu sahədə hüquqi bazanın dormalaşmasında təməl rolunu oynayıb. Əsasnamədə bildirilir ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası  Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanıdır. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, təsərrüfat subyektləri, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli həyata keçirir.

Şuranın əsas vəzifələri Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş qiymətlərin tənzimlənməsinin həyata keçirilməsini təmin etmək, qiymətlərin tənzimlənməsi (tənzimlənmə üsulunun seçilməsi, təkliflərə baxılması, müzakirəsi, layihələrin hazırlanması, təsdiqi, tətbiqi, dəyişdirilməsi və s.) üzrə müvafiq sənədlər qəbul etmək, qiymətlərin dövlət tənzimlənməsinin qanunvericilik və normativ hüquqi bazasının təkmilləşdirilməsi, qiymətlərin və tariflərin formalaşması, onların tətbiq olunmasına dövlət nəzarətinin gücləndirilməsi üzrə təkliflər vermək, qüvvədə olan qanunvericiliyin pozulması yolu ilə təyin edilmiş qiymətlərin tətbiqinin dayandırılması haqqında qərar qəbul etmək, bu sahədə cərimə və sanksiyaların tətbiq edilməsi barədə təkliflər vermək, tənzimlənən qiymətlərə əsaslı təsir göstərən xərclərin azaldılmasına dair təkliflər vermək, tənzimlənən qiymətlər barədə şərh vermək və digər tədbirlər həyata keçirmək, qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş inhisarçı subyektlərin məhsullarının (iş və xidmətlərinin) siyahısına əlavə və dəyişikliklər edilməsinə dair aidiyyəti orqanlara təkliflər vermək, ayrı-ayrı istehlakçı qruplar, müəssisə və təşkilatlar, investorlar üçün qiymətlər üzrə güzəştlərin verilməsinə, habelə limit və normaların müəyyənləşdirilməsinə dair təkliflər hazırlamaq, qiymətlərin dövlət tənzimlənməsi üzrə həyata keçirilən işlər barədə kütləvi informasiya vasitələrinə tənzimləmənin zəruriliyi, məqsədi və mümkün nəticələri barədə məlumat vermək, qiymət tənzimləməsi məsələlərində Azərbaycan Respublikasını beynəlxalq və regional təşkilatlarda, elmi-praktiki konfranslarda və seminarlarda təmsil etmək, qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək daxildir.

Yuxarıda göründüyü kimi Şuranın əsas vəzifələrindən biri Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş qiymətlərin tənzimlənməsinin həyata keçirilməsini təmin etməkdir. Məsələn, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi  Tarif Şurası tərəfindən həyata keçirildiyindən bazarda qiymət hərc-mərcliyə son qoydu.

Azərbaycan Respublikası Prezidentinin əsasını insan amili təşkil edən sosial-iqtisadi siyasətinə uyğun olaraq və verdiyi müvafiq tapşırığa əsasən, 2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi həyata keçirilib.  Bu barədə iqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev bildirib ki, məsələnin həm sosial, həm də iqtisadi əhəmiyyəti nəzərə alınaraq dərman vasitələri bazarında müşahidə edilən xaotik vəziyyətin aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi və ölkədə əczaçılıq sənayesinin inkişafı ilə bağlı ardıcıl işlər görülür.”Böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələri bazarının tənzimlənməsinə 2015-ci ilin ortalarından başlanılıb, proses intensiv şəkildə davam etdirilib, müxtəlif doza və qablaşdırma miqdarı nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10166 dərman vasitəsinin qiymətləri təsdiq edilib. 2016-cı ilin 1 sentyabr tarixindən etibarən yalnız qiymətləri təsdiq edilmiş dərman vasitələrinin satışına icazə verilir.

Manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymət tənzimlənməsi nəticəsində dərman vasitələrinin çox hissəsinin qiymətləri tənzimləmədən əvvəlki qiymətlərdən yenə də dəfələrlə aşağıdır. Pərakəndə satış qiymətlərinin təhlili göstərir ki, daha çox tələbat olan, məsələn, xolesterin tənzimləyici, qan durulaşdırıcı, ağrıkəsici, təzyiq, diabet, allergiya və astma əleyhinə, mədə-bağırsaq və sinir sistemi xəstəliklərində istifadə olunan və s. dərmanların qiymətləri dəfələrlə, bir sıra hallarda 5-10 dəfə aşağı salınıb. Nəticədə həm əhalinin xərclərinə, həm də dərman idxalı ilə bağlı ölkədən valyuta çıxışına qənaət olunur.
Konkret rəqəmlərə istinad etsək, 2014-cü ildə bir qutu dərman vasitəsinin orta idxal qiyməti 3 ABŞ dolları təşkil etdiyi halda, həmin göstərici tənzimləmədən sonra 1,4 ABŞ dolları səviyyəsinə enib. Təhlillər göstərir ki, tənzimləmə nəticəsində əhalinin və dövlət büdcəsinin dərmanla bağlı xərclərinə il ərzində 400 milyon ABŞ dollarından çox, idxal olunan dərmanlara görə xaricə ödənilən valyuta vəsaitinə isə 250 milyon ABŞ dollarından artıq qənaət edilir”.
 Nazir bildirib ki, qanunvericilikdə həm topdansatış əczaçılıq müəssisələri, həm də aptek təşkilatları üçün mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla məqbul səviyyədə - hər biri üçün 20 faizədək marja nəzərdə tutulur ki, bu da normal rentabelli fəaliyyəti təmin edir və dərman vasitələrinin idxalı və təchizatı baxımından heç bir problem yaratmır. “Tənzimləmədən sonra bu sahədə şəffaflıq təmin edilib, ictimai və dövlət nəzarəti güclənib, artıq hər bir vətəndaş hansı dərmanın hansı qiymətə olduğunu bilir və dərmanlar bütün apteklərdə eyni qiymətə satılmaqla, vətəndaşların ucuz aptek axtarmaq zərurəti tam aradan qalxır və süni qiymət artımının qarşısı alınır. Xüsusilə, uzun illər sabit məzənnə rejiminin tətbiq edildiyi ölkəmizdə dəyişən məzənnə rejimində dərman vasitələrinin qiymətləri ilə manipulyasiya etmək halları tam aradan qaldırılıb. Belə ki, Tarif (qiymət) Şurasının qərarı olmadan dərman vasitələrinin qiymətlərində hər hansı bir dəyişiklik, o cümlədən qiymətlərin bahalaşması qanunaziddir”,- Nazir deyib.

Qeyd edək ki, Azərbaycanda dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarını müəyyən edər, bu sahədə yaranan münasibətləri tənzimləyən 
“Dərman vasitələri haqqında” qanun var. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndi rəhbər tutularaq bu qanunda bir sıra dəyişikliklər olub. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bununla bağlı deyib: “Sözügedən qanuna tez-tez dəyişiklik edilir Bunun da səbəbi odur ki, ölkə başçısı dərman vasitələrinin təchizatı, pərakandə satışı sahəsində mühüm tapşırıqlar verib. Dərmanların keyfiyyəti, onların qiymətinin tənzimlənməsi sahəsində problemlər var idi. O cümlədən dərman vasitələrinin reklamı sahəsində də çatışmazlıqlar var idi. Azərbaycanda həkimin reseptlə yazdığı dərmanları reklam etmək qadağandır. Reklam olunduğu təqdirdə ağır nəticələri olur. Kimsə baxıb deyir ki, onun xəstəliyinin dərmanı tapılıb, həmin dərmanı alsa sağalacaq. Halbuki bunlar həkim müayinəsi olmadan verilən qərardır. İndi dərman vasitələrinin reklamı ilə qanuna bağlı 16-1.1 maddə var. Burada bildirilir ki, yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Həmçinin dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır”.
Qanuna sonuncu dəyişiklik 18 may 2018-ci ildə olub.

Nazir  əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması sahəsindəki təbirlər barədə də məlumat verib. O deyib: “Bildiyiniz kimi, “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli Fərmanına uyğun olaraq, 2015-ci il noyabrın 2-dən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanılıb. Həmçinin dövlətimizin başçısının “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli Fərmanına əsasən, lisenziyaların müddətsiz verilməsi müəyyən edilib, həmin Fərmanın qüvvəyə mindiyi tarixə qüvvədə olan lisenziyalar müddətsiz hesab olunub, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib.
Eyni zamanda, lisenziyaların verilməsinə görə ödənilən dövlət rüsumlarının məbləği 2 dəfə, o cümlədən regionlar üzrə 4 dəfə azaldılıb. Hazırda dərman vasitələrinin istehsalına lisenziya verilməsi üçün 2250 manat, topdansatışına lisenziya verilməsi üçün 2250 manat, pərakəndə satışına lisenziya verilməsi üçün isə dövlət rüsumu 1000 manatdır”.

(davamı var)

Xəbər xətti